CƏMİYYƏT


Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib VİDEO

Bakı, 22 iyul, AZƏRTAC 

Binəqədi rayonunda 22 İyul - Milli Mətbuat Günü münasibətilə “Binəqədi bələdiyyələri hesabat verir” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Milli Mətbuat Gününün tarixi haqqında məlumat verilib. Sonra Binəqədi bələdiyyələrinin sədrləri hesabat xarakterli çıxışlarını təqdim ediblər. M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov “Bələdiyyələrdə vergiödəyiciləri ilə aparılan işin vəziyyəti: nailiyyətlər və problemlər”, Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlı “Seçici məmnunluğu bələdiyyələrin fəaliyyətinin prioritet sahəsi kimi” mövzusunda, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva “Bələdiyyələrin beynəlxalq əlaqələri”, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev “Bir bələdiyyə-bir layihə” çərçivəsində Binəqədi bələdiyyələrində mövzularında məruzələrlə çıxışlar ediblər.

Mətbuat nümayəndələrindən Azərbaycan Televiziyasının əməkdaşı Firuzə Nadir və “Belediyye.info” saytının redaktoru Vüqar Tofiqli çıxış edərək bildiriblər ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuat var. Hazırda müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Natiqlər Binəqədi rayonunda media ilə işin peşəkar səviyyədə qurulduğunu diqqətə çatdırıblar. Bildirilib ki, rayon ərazisində görülən işlər mətbuatda intensiv və geniş işıqlandırılır. Mətbuat nümayəndələri zəruri informasiyalarla operativ qaydada təmin olunduqlarını və səmərəli əməkdaşlığa görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, deputat, parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev çıxışlarında 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik ediblər. Çıxışlarda vurğulanıb ki, Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Qeyd edilib ki, Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı “Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti var. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövrünə təsadüf edir. Bu gün Azərbaycan Prezidenti bu siyasəti uğurla davam etdirir. Ölkə mətbuatının inkişafı sahəsində “azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir.

Sonda mətbuat nümayəndələrinə fəxri fərmanlar və hədiyyələr təqdim olunub. Təltif olunanlar arasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Samirə Allahverdiyeva da var.

Mərasim konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.