İQTİSADİYYAT
Binəqədi rayonunda Dövlət proqramı çərçivəsində abadlıq-quruculuq işləri görülür
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri təkcə rayon mərkəzini deyil, ayrı-ayrı qəsəbələri, yaşayış məntəqələrini də əhatə edir. Abadlaşan, müasirləşən belə ərazilərdən biri də Binəqədi qəsəbəsidir. Qəsəbədə məhəllədaxili yollara asfalt döşənib, yol kənarları abadlaşdırılıb. Qəsəbə ərazisində fəaliyyət göstərən məktəb, uşaq bağçaları, mədəniyyət evi əsaslı təmir edilib. Əhalinin istirahəti üçün parklar salınıb, müasir tələblərə cavab verən abad məhəllələr yaradılıb.
Qəsəbədə yerləşən 182 nömrəli tam orta məktəbdə 65 sinif otağından ibarət 1300 şagirdlik əlavə korpus tikilib, məktəbin köhnə binası isə əsaslı təmir olunub.
Son illər qəsəbədə su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülüb, qaz xətləri dəyişdirilib, küçə boyu evlərin və obyektlərin dam örtükləri yeniləri ilə əvəz edilib.
Binəqədi-Novxanı yolunda da abadlıq işləri aparılıb.