CƏMİYYƏT
Binəqədi rayonunda çağırışçı gənclər hərbi xidmətə yola salınıblar
Bakı, 15 iyul, AZƏRTAC
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə başlayan növbəti həqiqi hərbi xidmətə çağırış davam edir.
AZƏRTAC xəbər verir ki, iyulun 15-də Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki Milli Qəhrəmanlar parkında gənclərin həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıları əvvəlcə Azərbaycanın Milli qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
Sonra Azərbaycanın dövlət himni səslənib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi xidmətə yola salınan gəncləri təbrik edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi, polkovnik-leytenant Mehman Qurbanov Ali Baş Komandan İlham Əliyevin gənclərin hərbi xidmətə çağırışı ilə bağlı müvafiq Sərəncamının icrası ilə bağlı rayonda görülən işlərdən danışıb. Qeyd edib ki, çağırış işinin mütəşəkkil təşkili üçün rayondakı bütün idarə və müəssisələrlə qarşılıqlı iş aparılır.
M.Qurbanov bu cür tədbirlərin keçirilməsində əsas məqsədin gənclərin hərbi xidmətə həvəsləndirilməsi və onların mənəvi-psixoloji durumunun yüksəldilməsi olduğunu deyib. O, Vətənin keşiyini çəkmək üçün ordu sıralarına yollanan gənclərə uğurlar arzulayıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin şəxsiyyət kimi formalaşmasında hərbi xidmətin əhəmiyyətindən söhbət açıb, ölkəmizin təhlükəsizliyi və müdafiəsinin təminində Azərbaycan Ordusunun müstəsna rolundan danışıb. O, əsası ulu öndər Heydər Əliyevin qoyduğu ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Binəqədi rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev yeniyetmə və gənclərin Vətənə sədaqət ruhunda böyümələri, onlarda dövlət və Vətən qarşısında vəzifələrinin layiqincə yerinə yetirilməsi sahəsində məsuliyyətin artırılması nöqteyi-nəzərindən belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından hər an azad etməyə hazırdır. Aprel döyüşləri zamanı biz bir daha bunun şahidi olduq.
Valideynlər övladlarını hərbi xidmətə yola salmaqdan qürur hissi keçirdiklərini söyləyib, çağırışçılara Vətənin keşiyində möhkəm dayanmağı tövsiyə ediblər.
Hərbi xidmətə yola salınan gənclər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.
Sonra gənclər müqəddəs “Qurani-Kərim”ə və dövlət bayrağına ehtiramlarını bildirərək, yüksək əhval-ruhiyyə ilə hərbi hissələrə yola düşüblər.