CƏMİYYƏT
Binəqədi rayonunda gənclərin və onların valideynlərinin iştirakı ilə peşəyönümü tədbirləri keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Gənclərin düzgün peşə və ixtisas seçimi onların gələcəkdə əmək bazarına inteqrasiyasında xüsusi önəm kəsb edir. Bu sahədə gənclərə köməklik göstərilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Binəqədi rayon Məşğulluq Mərkəzi tərəfindən rayon ərazisindəki 100 saylı, 143 saylı, 246 saylı, 276 saylı və 300 saylı tam orta məktəblərində peşəyönümü tədbirləri keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, yuxarı siniflərdə təhsil alan ümumilikdə 300 nəfərdən çox şagirdi əhatə edən tədbirlərdə onların valideynlərinin iştirakı da təmin olunub. Mərkəzin əməkdaşları mövcud əmək bazarında işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı barədə iştirakçılara dolğun məlumat veriblər. Gənclərin gələcəkdə əmək bazarına inteqrasiyası, uğurlu əmək fəaliyyəti baxımından onların əmək bazarındakı tələb və təklif barədə məlumatlı olmalarının, peşə və ixtisaslar üzrə düzgün seçim etmələrinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Bakı şəhəri üzrə məşğulluq orqanlarının elektron məlumat bazasında olan boş (vakant) iş yerləri, məşğulluq orqanlarının həyata keçirdikləri aktiv məşğulluq tədbirləri, o cümlədən peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili barədə məlumatlar da diqqətə çatdırılıb. Bu tədbirlər barədə məlumatların əks olunduğu çap materialları tədbir iştirakçılarına paylanıb. Tədbirlər zamanı gənclərə və valideynlərinə peşəyönümü məsləhət və tövsiyələri verilib, onların sualları cavablandırılıb.
Cari tədris ilinin sonunadək rayondakı digər tam orta məktəblərdə də qrafik əsasında peşəyönümü tədbirlərinin keçirilməsi nəzərdə tutulur.