İQTİSADİYYAT
Binəqədi rayonunun Cəfər Xəndan küçəsinin daha bir hissəsində təmir işləri yekunlaşdırılıb VİDEO
Bakı, 1 dekabr, AZƏRTAC
Bu barədə AZƏRTAC-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təmir işləri sözügedən küçənin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hissəsində aparılıb.
Bu işlər çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb və küçənin 10 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtük döşənib.
Bundan başqa, 1500 poqonmetr köhnə səki daşı yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilərək asfaltlanıb. Yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılması üçün zəruri olan yerlərdə yağış-kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları qoyulub, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.
Təmir-tikinti işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Belə ki, ərazidə yeni su və kanalizasiya xətləri çəkilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol cizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılıb.
Cəfər Xəndan küçəsində təmir işləri Bakı şəhərində avtonəqliyyat vasitələrinin və vətəndaşların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində atılan kompleks addımlar çərçivəsində aparılıb.