QAN YADDAŞI
Binəqədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-cı ildönümü ilə əlaqədar Biləcəri qəsəbəsindəki “Güllə yağışı” abidəsinin qarşısında anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə abidənin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini dərin ehtiramla yad ediblər.
Anım mərasimində 20 Yanvar şəhidlərinin öz qanları ilə Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində şərəfli səhifə yazdıqları vurğulanıb.
“20 Yanvar” Cəmiyyətinin Binəqədi rayon şöbəsinin sədri Mübariz İsmayılov, şəhid Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov çıxış edərək şəhidlərin xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını diqqətə çatdırıblar. Qeyd ediblər ki, bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi.
Natiqlər vurğulayıblar ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin də xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Çıxışlarda sürətlə inkişaf edərək dünyada söz sahibinə çevrilən Azərbaycanın ərazi bütövlüyünün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə təmin olunacağı günün uzaqda olmadığına əminlik ifadə edilib.
Sonra ədəbi-bədii kompozisiya nümayiş olunub, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.