İQTİSADİYYAT
Binəqədidə 20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib
Bakı, 9 avqust, AZƏRTAC
İqtisadiyyat Nazirliyi Sahibkarlığa Kömək Milli Fondunun avqustun 9-da Binəqədi rayonunda keçirdiyi işgüzar forumda müvəkkil kredit təşkilatları vasitəsilə 20 sahibkarlıq subyektinə 3,2 milyon manat güzəştli kredit verilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması, çörək və un məmulatları, plastik məmulatlar istehsalı və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170 yeni iş yerinin yaradılmasına imkan verir.
Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə də ətraflı məlumatlar verilib, Binəqədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Yüzdən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Binəqədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində ölkə üzrə 1542 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 91,5 milyon manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 4 min 600-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1284 investisiya layihəsinin maliyyələşdirilməsinə 326,4 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində gündəlik istehsal gücü 46,3 ton olan çörək və ildə 180 ton şirniyyat istehsal etmək gücündə olan zavoda və ildə 30 min ton PVC tərkibli yarımfabrikatları istehsal etmək gücündə olan tikinti materialları istehsalı müəssisəsinə baxış keçirilib. Ümumilikdə, son illər tikinti materiallarının istehsalı ilə bağlı yeni texnologiyalara əsaslanan 25 investisiya layihəsinin maliyyələşdirilməsinə 84,4 milyon manat güzəştli kredit verilib. Artıq bu müəssisələrdən 20-si istifadəyə verilib. Bu müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaq.