İQTİSADİYYAT
Binəqədidə keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkası ilə tanışlıq
Bakı, 25 iyun, AZƏRTAC
İyunun 25-də Baş nazirin müavini Əli Əhmədov Binəqədi rayonunda şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkib, burada satışa çıxarılan ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti və keyfiyyəti ilə tanış olub.
Baş nazirin müavini əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi məqsədilə yarmarkada məhsul istehsalçılarına lazımi şəraitin yaradılması, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, gigiyenik qaydalara ciddi riayət olunması, qiymətlərin ənənəvi bazar və marketlərdən aşağı səviyyədə saxlanması ilə bağlı yarmarkanın təşkilatçılarına tövsiyələrini bildirib. Qarşıdakı bayram günlərində də yarmarkada satışa çıxarılan məhsulların həm keyfiyyətinə, həm qoyulan qiymətlərə ciddi riayət edilməsi, süni qiymət artımının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.