CƏMİYYƏT
Binəqədidə yeni sosial layihənin təqdimatı olub
Bakı, 11 avqust, AZƏRTAC
Binəqədi Gənclər Evində “Yoxsulluğun azaldılması məqsədilə aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan qadın və qızlar üçün peşə təlimlərinin keçirilməsi və onların sahibkarlıq bacarıqlarına yiyələnməsi” layihəsinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə giriş sözü ilə çıxış edən layihə rəhbəri İradə Rizazadə layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib. Layihə rəhbəri qeyd edib ki, dörd ay ərzində rayon ərazisində yaşayan aztəminatlı, qaçqın və məcburi köçkün ailələrindən olan 25 qadın və qız dərzilik, toxuculuq və naxıştikmə üzrə peşə bacarıqlarına yiyələnib, onlara sahibkarlıq - “Peşə bacarıqlarından ailə biznesinə keçid: mövcud imkanlardan effektiv istifadə” mövzusunda təlimlər keçirilib. Qadınların fərdi sahibkarlıqla məşğul ola bilmələri üçün onların ASAN xidmət nəzdində fəaliyyət göstərən ABAD Mərkəzlərinə ekskursiyaları təşkil olunub və həmin mərkəzlərlə əməkdaşlıq məsələləri müzakirə olunub.
Rayon icra hakimiyyətinin şöbə müdirinin müavini Rauf Həsənov rayon ərazisində yaşayan vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş layihələrin icrasına göstərilən dəstək, Məşğulluq İdarəsinin aparıcı məsləhətçisi Rəşad Muradov ölkə Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə əlaqədar görülən işlər barədə məlumat veriblər.
Tədbirin sonunda təlim keçənlə öz əl işlərini tədbir iştirakçılarına nümayiş etdiriblər və onlara sertifikatlar verilib.