CƏMİYYƏT
“Bioloji müxtəlifliyimizi qoruyaq!” adlı aksiya keçirilmişdir
Bakı, 19 may (AZƏRTAC). Mayın 18-də Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təbiətin Dostları İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Biomüxtəlifliyimizi qoruyaq!” adlı maarifləndirici aksiya keçirilmişdir.
22 may - Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunmuş aksiyanın məqsədi gəncləri və bütün təbiəti sevənləri Azərbaycanın zəngin biomüxtəlifliyi ilə yaxından tanış etmək, onları təbiətə qarşı daha diqqətli olmağa səsləməkdir.
Otuza yaxın gənc velosipedçi üzərində “Təbiətimizi qoruyaq!” şüarı olan köynəklərdə paytaxt sakinlərinin diqqətini cəlb etmişdir. Sonra tədbir AMEA-nın Mərkəzi Nəbatat Bağında davam etmişdir. Burada “Biomüxtəliliyimizi qoruyaq!” mövzusunda seminar keçirilmişdir. Seminarda çıxış edənlər Azərbaycanın zəngin biomüxtəlifliyi haqqında məlumat vermiş, ekoloji maarifləndirmənin əhəmiyyətindən danışmışlar.
Eyni zamanda, Mərkəzi Nəbatat Bağında açıq səma altında Azərbaycanın zəngin təbiətinə və biomüxtəlifliyinə aid fotosərgi keçirilmişdir. Bundan əlavə, Mərkəzi Nəbatat Bağına ekskursiya təşkil olunmuşdur. Tədbir iştirakçıları bağın zəngin bitki örtüyündən dolğun təəssüratlarla ayrılmışlar.
Qeyd edək ki, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan Nümayəndəliyi 2001-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində nümayəndəlik Azərbaycanda biomüxtəlifliyin qorunması və inkişaf etdirilməsi istiqamətində bir çox layihələr həyata keçirilmişdir. Hazırda Qafqazda bəbirlərin mühafizəsi, ceyranların və bizonların reinroduksiyası, iqlim dəyişmələrinə qarşı meşə ekosistemlərinin dözümlüyünün artırılması istiqamətində layihələr həyata keçirilir.