ELM VƏ TƏHSİL
“Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək
Bakı, 28 avqust, AZƏRTAC
Oktyabrın 2-dən 4-dək Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan “Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, akademiyanın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının və Mərkəzi Nəbatat Bağının birgə təşkilatçılığı ilə keçiriləcək konfransın məqsədi respublikamızda botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək və müasir vəziyyətini qiymətləndirmək, biomüxtəlifliyin saxlanmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir.
Tədbirdə botanika elminin müxtəlif sahələri üzrə aparıcı alim və mütəxəssislərin məruzələri dinlənəcək.
Konfrans “Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti”, “Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu”, “Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər”, “Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” mövzularında bölmələr üzrə təşkil olunacaq.