ELM VƏ TƏHSİL
“Bir” Könüllülük Akademiyası uğurla yekunlaşıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı çərçivəsində tələbələr üçün Şəki şəhərində təşkil olunmuş “Bir” Könüllülük Akademiyası uğurla başa çatıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Mingəçevir şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsindən seçilmiş 60 tələbə-könüllü akademiyada iştirak edib, yeni bilik və bacarıqlar qazanıblar.
Akademiyanın bağlanış mərasimində “Bir” Tələbə-Könüllü Proqramının əlaqələndiricisi Tural Abdullazadə və Şəki şəhər Təhsil Şöbəsinin müdiri Südabə İsmayılova “Bir” Könüllülük Akademiyasının birinci buraxılışı olan tələbə-könüllüləri təbrik edib, uğurlar arzulayıblar. Qeyd olunub ki, “Bir” Könüllülük Akademiyasının keçirilməsinin əsas məqsədi tələbələr arasında könüllülük fəlsəfəsi və dəyərlərinin təbliği, könüllülük standartlarının tətbiqi və lider könüllülərin yetişdirilməsidir.
Akademiya iştirakçıları peşəkar təlimçilər tərəfindən təqdim edilən “Azərbaycan menecmenti”, “Karyera inkişafı”, “Ünsiyyət bacarıqları”, “Təqdimat bacarıqları”, “Layihə İdarəetməsi” kimi təlimlərə cəlb olunublar. Bundan əlavə, mədəni-idman proqramı çərçivəsində tələbələr intellektual Breyn-rinq və xüsusi olaraq təşkil olunmuş “Code Tusi” məntiqi-intellektual komanda oyunlarında iştirak ediblər.
Sonda iştirakçılara sertifikat və şəhadətnamələr verilib.
“Bir” Könüllülük Akademiyasını uğurla başa vuran tələbə-könüllülər bundan sonra təhsil aldıqları ali təhsil müəssisələrində “Bir” Tələbə-Könüllü Proqramının əlaqələndiricisi qismində fəaliyyət göstərəcəklər.
Qeyd edək ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Bir” Tələbə-Könüllü Proqramı tələbələrin könüllü fəaliyyətə stimullaşdırılması məqsədilə mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Tələbələrin asudə vaxtının səmərəli təşkilini, müxtəlif tədbir və təlimlərdə iştirakını təmin edən, yardıma ehtiyac duyan şəxslərə kömək göstərilməsində fəal olan bu Proqram altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərir. “Bir” Tələbə-Könüllü Proqramı Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində fəaliyyət göstərən 18 ali təhsil müəssisəsini əhatə etməklə, tələbə-könüllülərlə işin sistemləşdirilməsi və tələbə-könüllülərin dövlət əhəmiyyətli tədbirlərdə iştirakını təmin etmək məqsədilə fəaliyyət göstərən uzunmüddətli proqramdır. İndiyədək “Bir” Tələbə-Könüllü Proqramının təmsilçiləri 35-dən çox irimiqyaslı tədbirdə könüllülük fəaliyyəti göstəriblər.