İQTİSADİYYAT
Bir aya yaxın müddətdə Bakı-Batumi avtobus reysi ilə 522 sərnişin daşınıb
Bakı, 26 iyul, Elvin Camalov, AZƏRTAC
Bir aya yaxın müddətdə yeni açılan Bakı-Batumi avtobus reysi ilə 522 sərnişin daşınıb.
Bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Yaşar İsakov AZƏRTAC-a eksklüziv açıqlamasında deyib.
O bildirib ki, iyun ayının 30-dan etibarən Bakı Beynəlxalq Avtovağzal kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayıb. Avtobuslar Bakı vaxtı ilə saat 18:00-da yola düşür, təyinat məntəqəsinə - Batumi şəhərinə isə növbəti gün saat 10:00 radələrində çatır.
Y.İsakovun sözlərinə görə, iyul ayının 24-ə kimi bu marşrut üzrə 12 reys həyata keçirilib, 522 sərnişin mənzil başına çatdırılıb. 102 nəfər - sərnişinlərin 20 faizi, biletləri onlayn qaydada əldə edib.
“Gediş qiyməti 40 manat təşkil edir. Gələcəkdə sərnişin sıxlığı çox olduğu təqdirdə avtobusların hər gün reysə çıxması nəzərdən keçirilə bilər. Avtobuslar kondisioner və “Wi-Fi” sistemi ilə təchiz olunub. Yolboyu sərnişinlərə çay və qəhvə təklif olunur. Yükə görə vəsait ödəmək tələb olunmur. Sərnişinlərə biletləri əvvəlcədən almaq tövsiyə olunur”, - deyə Y.İsakov vurğulayıb.