CƏMİYYƏT
Bir cinayətin izi ilə daha ikisinin üstü açılıb
Bakı, 13 iyun, AZƏRTAC
İyunun 9-da paytaxtın Səbail rayonunun İçərişəhər ərazisində yaşayan Aleksandr Sabrıkin Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə müraciət edərək evinin qapısının açıq qalmasından istifadə olunaraq pulunun və mobil telefonunun oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 9-cu polis bölməsinin hadisə yerinə cəlb edilən əməliyyat qrupu oğurluğun zərərçəkmişin tanışlarından olan Fuad adlı şəxs tərəfindən törədildiyini müəyyənləşdirib. Görülmüş tədbirlər nəticəsində həmin şəxs saxlanılaraq polis bölməsinə gətirilib. Araşdırmalarla onun iyunun 7-də Faiq adlı şəxslə birgə Bakı sakini Aleksandr Anfinogenova məxsus velosipedi oğurladığı da müəyyən edilib.
Maştağa qəsəbəsində yaşadığı dəqiqləşdirilən Faiq Əliyev də əməliyyatçılar tərəfindən tutularaq polis bölməsinə gətirilib. O, həmin velosipedi bazara aparıb tanımadığı şəxsə satdığını etiraf edib.
Hər iki şəxsin ətrafında aparılan tədbirlərlə onların birlikdə fevralın 9-da paytaxt sakini Azad Ağaşova məxsus evdən kabel və inşaat materialları oğurlayaraq əlvan metalların qəbulu məntəqələrindən birində satmaları da müəyyən olunub.