ELM VƏ TƏHSİL


“Bir dünya rəssamı Rəis Rəsulzadə” kitabı çapdan çıxıb

Bakı, 11 may, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən “Bir dünya rəssamı Rəis Rəsulzadə” kitabı Türkiyə türkcəsində çap olunub.

Ədəbiyyat Muzeyindən AZƏRTAC-a bildiriblər ki, kitabda Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, Rəssamlar İttifaqının üzvü, Əməkdar Rəssam Rəis Rəsulzadənin rəsm əsərləri yer alıb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov yeni nəşrə müqəddimə yazıb. “Adında və qələmində işıq daşıyan” sərlövhəli giriş sözündə böyük mütəfəkkir, Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi R.Rəsulzadənin insani keyfiyyətləri, həyat və fəaliyyətinin əsas məqamları və rəssamlıq fəaliyyətindən bəhs olunub. Qeyd edilib ki, böyük istedad sahibi R.Rəsulzadə ürəyi min bir məhəbbət teli ilə xalqa bağlı olan bir nəslin nümayəndəsidir. O, 1946-cı ilin noyabrında Qazaxıstanın Almatı şəhərində dünyaya göz açıb. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, 1978-ci ildən həmin ali məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.1978-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü seçilən R.Rəsulzadənin əsərləri Türkiyə, ABŞ, Rusiya və Kubada təşkil edilən beynəlxalq sərgilərdə təqdim olunub.

Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri Azərbaycan rəssamlıq sənətinin incilərindəndir.

Akademik R.Hüseynov müqəddiməni aşağıdakı misralarla tamamlayıb: Axı o, Rəsulzadədir, axı o, rəmzdir! Axı o, Məhəmmədin əmanətidir!

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.