ELM VƏ TƏHSİL
Bir elm fədaisinin həyat hekayəsi - Əziz Sancar
Bakı, 12 iyun, Xatirə Cəfərova, AZƏRTAC
Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) birgə təşkilatçılığı ilə iyunun 12-də Bakıda kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, əslən türk olan Əziz Sancara həsr edilən “Əziz Sancar: Bir elm fədaisinin həyat hekayəsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda UNEC-in rektoru, professor Ədalət Muradov böyük alimin həyat və yaradıcılığı barədə məlumat verib. Qeyd olunub ki, Ə.Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib. Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Ə.Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yel Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın məşhur elmi mərkəzlərindən olan “UNC Chapek Hill”də biokimya və biofizika üzrə çalışmağa başlayıb. O burada DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat üzrə ciddi elmi araşdırmalar aparıb. Çalışdığı sahə üzə 400-dək elmi məqalə, 33 kitab yazıb.
Ə.Sancar uğurlu elmi fəaliyyətinə görə ABŞ-ın Beynəlxalq Elmlər Akademiyasının, Amerika İncəsənət və Elm Akademiyasının, Türk Elmlər Akademiyasının üzvü seçilib. O, 2007-ci ildə Vehbi Koç Vəqfinin mükafatını alıb və xaricdəki elmi araşdırmalarına görə Amerika Beynəlxalq Elmlər Akademiyasına üzv qəbul edilən üç türk alimindən biridir. Görkəmli alim 2015-ci ildə DNA sahəsində tədqiqatlarına görə kimya üzrə Nobel mükafatına layiq görülüb. Ə.Sancar elm sahəsi üzrə Nobel mükafatı alan ilk türkdür.
Ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlar barədə məlumat verən rektor görkəmli alimin Azərbaycan elminə mühüm töhfələr verəcəyinə inamını ifadə edib.
Sonra Ə.Sancar geniş məruzə ilə çıxış edib. Gənclərə elmlə məşğul olmağı tövsiyə edən görkəmli alim bildirib ki, elmin inkişafına nail olmaq üçün bu sahəyə sərmayə yatırılmalı və aparılan araşdırmalar dəstəklənməlidir. Yalnız bu halda müvəffəqiyyət qazanmaq olar.
Sonda Nobel mükafatı laureatı Ə.Sancar UNEC-in fəxri doktoru diplomu ilə təltif edilib.
Qeyd olunub ki, universitetin növbəti tədris ilindən ən yaxşı tədqiqatçı üçün “Əziz Sancar” mükafatı təsis olunub. Bundan əlavə, İqtisad Universitetində “Əziz Sancar” adına qida mühəndisliyi laboratoriyası da yaradılacaq.
Konfrans çərçivəsində Azərbaycan dilində nəşr edilən “Əziz Sancarın Nobel bioqrafiyası” kitabının təqdimatı olub.