CƏMİYYƏT
Bir il ərzində Elmi-Tədqiqat Pediatriya İnstitutunda 10 minədək uşaq müalicə alıb
Bakı, 28 iyun, AZƏRTAC
Ötən il Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna sağlamlıq problemi olan 9 min 99 uşaq, 2016-cı ilin birinci yarımilliyində isə 4 min 500 uşaq gətirilib. Eyni zamanda, 2015-ci il ərzində konsultativ poliklinika şöbəsində 21 min 761 uşaq, bu ilin altı ayında isə 10 min 530 uşaq müayinə olunub.
Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, ölkəmizdə uğurla icra edilən “Uşaqların icbari dispanserizasiyası haqqında Dövlət Proqramı” çərçivəsində Elmi-Tədqiqat Pediatriya İnstitutunun əməkdaşlarından ibarət 15 qrup 39 rayona ezam olunub. Rayon mərkəzi xəstəxanaları qarşısında Səhiyyə Nazirliyi tərəfindən çox mühüm vəzifələr qoyulub, həmin vəzifələrin uğurla yerinə yetirilməsi yolları göstərilib, yerlərdə müvafiq sənədlərin mövcudluğu yoxlanılıb, aparılan müayinə və müalicə tədbirləri haqqında məlumatların uşaqların dispanser müşahidə kartında əksini tapması və “Elektron sağlamlıq kartı”nın yaradılması araşdırılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud, həmçinin cəzaçəkmə müəssisələrində olan, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların siyahısı dəqiqləşdirilib.
Bununla yanaşı, institutun əməkdaşları ötən il ərzində Sankt-Peterburqda qızılca, məxmərəyin diaqnostikası və eliminasiyası üzrə toplantıda, Tbilisidə innovasiyalara dair tibbi forumda, Bakıda xarici mütəxəssislərin iştirakı ilə neonatal xidmətlə bağlı seminarda, Tokioda ana və uşaq sağlamlığının mühafizəsi üzrə konfransda məruzələrlə çıxış ediblər.