CƏMİYYƏT
Bir milyon 276 mindən çox əmək müqaviləsi EİS-də qeydiyyatdan keçirilib
Nazirlikdən AZƏRTAC-a bildirdilər ki, ƏƏSMN-nin rəsmi internet saytında (www.mlspp.gov.az) əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində (EİS) qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq metodiki göstərişlər və yardımçı materiallar təqdim olunmaqla, nazirliyin “142-Çağrı mərkəzi” tərəfindən müvafiq mövzuda işəgötürənlərin çoxsaylı sorğuları cavablandırılıb.
Aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının, habelə yeni sistemin mükəmməl proqram təminatının, onun texniki imkanlarının sistemdən rahat və asan istifadə üçün əlverişli olmasının müsbət nəticəsi kimi, EİS-ə daxil edilən əmək müqaviləsi bildirişlərinin sayı artıq 1 milyon 276 mini ötüb.
Əldə olunan məlumatlar bütün əmək müqavilələrinin heç də hamısının EİS-də qeydiyyatdan keçirilmədiyini göstərir. Eyni zamanda, bir çox işəgötürənlərin əmək müqaviləsi bildirişlərini qeydiyyatdan keçirmək üçün cəhd etdikləri və müəyyən texniki səbəblərdən bu prosesi həyata keçirə bilmədikləri EİS-də qeydə alınıb. Belə işəgötürənlərə prosesi qısa vaxtda başa çatdırmaları üçün yardım etmək nəzərdə tutulur. Bununla belə, əmək müqaviləsi bildirişlərinin sistemdə qeydiyyatdan keçirilməsinə biganə yanaşan, bu islahat tədbirində iştirakdan yayınan, xüsusən də EİS işə salındıqdan sonrakı dövrdə əmək fəaliyyətinə cəlb edilmiş şəxslərlə bağlanmış əmək müqaviləsi bildirişlərini sistemə daxil etməyən işəgötürənlərə qarşı qanunauyğun şəkildə ciddi cəza tədbirləri görüləcəkdir.
Əmək müqaviləsi bildirişləri işçilər üçün ilk növbədə əmək hüquqlarının və bu hüquqlardan irəli gələn digər, o cümlədən sosial təminat hüquqlarının müdafiəsinin təminat formasıdır. Bu sənəd vasitəsilə işçilərdə göstərilən hüquqların icrasını işəgötürəndən tələb etmək imkanı yaranır. Eyni zamanda əmək müqaviləsi bildirişləri işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasının təminat formasıdır. Bu sənəd vasitəsilə işəgötürənlər işçilərlə münasibətdə əmək müqaviləsində razılaşdırılmış şərtlərin şəffaf şəkildə icrasını təmin edə bilirlər. EİS dövlət nəzarətini həyata keçirən orqanlara elektron nəzarət sisteminin qurulmasına, qeyri-leqal məşğulluğun aradan qaldırılması istiqamətində səmərəli fəaliyyətinə, sosial sığorta haqları və s. daxilolmalarının artırılmasına, vətəndaşların layiqli pensiya təminatına gətirib çıxaracaqdır.