İQTİSADİYYAT
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). İyunun 11-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13-dən 15-dək Quba, saat 16-dan 18-dək Goranboy rayonlarının bir hissəsinə, təmir işləri ilə bağlı saat 13-dək Bakının Nərimanov rayonunun bir hissəsinə, qaz nəqli sistemində görülən işlər və 720 millimetrlik “Yevlax-Naxçıvan” magistral qaz kəmərində təmir-bərpa işləri ilə əlaqədar saat 18-dək Tərtər rayonuna, Ağdam, Bərdə, Yevlax, Sabunçu, Ağstafa, Abşeron və Göyçay rayonlarının bir hissəsinə, Pirallahı-Qala magistral avtomobil yolunun genişləndirilməsi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar işlər başa çatanadək isə Xəzər rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.
Həmçinin 1220 millimetrlik “Astara-Qazıməmməd” magistral qaz kəmərində təmir-bərpa işləri əlaqədar iyunun 11-dən 13-dək Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilməsində məhdudiyyətlər olacaqdır.
Məlumatda bildirilir ki, iyunun 10-da Gəncə şəhərində baş vermiş güclü külək və leysanla əlaqədar texniki təhlükəsizlik tədbirləri nəzərə alınaraq, dünən gecə saat 24-dən təbii fəlakətin aradan qaldırılması ilə bağlı işlər başa çatanadək şəhərin əhali abonentlərinin təbii qaz təchizatı dayandırılmışdır.