İQTİSADİYYAT
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır VİDEO
Bakı, 17 iyun (AZƏRTAC). İyunun 17-də respublikanın bir neçə rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaqdır.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qaz ölçü qovşaqlarında görülən işlərlə əlaqədar bu gün saat 13-dən 15-dək Neftçala və Salyan, saat 15-dən 17-dək Zərdab, saat 16-dan 18-dək İsmayıllı, saat 17-dən 19-dək isə Masallı rayonlarının bir hissəsinə, həmçinin yenidənqurma və təmir işləri ilə əlaqədar saat 18-dək Oğuz, Şəki, Qax, Zaqatala, Balakən rayonlarına və Qobustan rayonunun bir hissəsinə təbii qazın verilməsində fasilələr yaranacaqdır.
Məlumatda, həmçinin bildirilir ki, Z.Bünyadov prospekti istiqamətində yol qovşağının yenidən qurulması işləri aparılarkən 315 millimetrlik orta təzyiqli polietilen qaz kəmərinin zədələnməsi ilə əlaqədar saat 6:30-dan Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranmışdır. İşlər başa çatandan sonra həmin ərazinin qaz təchizatı bərpa olunacaqdır.