MƏDƏNİYYƏT
Bir neçə şəhər və rayonun mədəniyyət və turizm şöbələrinin fəaliyyəti müzakirə olunub
Bakı, 7 iyul, AZƏRTAC
İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclası açıq elan edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlik barədə məlumat verib, bir neçə şəhər və rayonun mədəniyyət və turizm şöbəsində aparılan yoxlamaların nəticələrinin müzakirə olunacağını diqqətə çatdırıb.
İlk olaraq Yevlax şəhər mədəniyyət və turizm şöbəsinin və onun tabeliyində olan müəssisələrin fəaliyyəti ilə bağlı nazirliyin regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərlinin məruzəsi dinlənilib. Sektor müdiri şöbənin şəbəkəsinə daxil olan müəssisələrin fəaliyyəti və yoxlama zamanı tarix-diyarşünaslıq muzeyi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi, musiqi və incəsənət məktəblərinin fəaliyyətində aşkar edilən nöqsanlar barədə məlumatı kollegiya iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Ağdam və Cəlilabad rayon mədəniyyət və turizm şöbələri ilə bağlı məsələyə baxılıb.
Əbülfəs Qarayev aparılan yoxlamalarla bağlı təqdim edilən arayışlarda şöbələrin fəaliyyətində ciddi qüsurların olduğunu bildirib.
Məruzələr dinlənildikdən sonra şöbə və onun tabeliyindəki müəssisələrin rəhbər işçiləri barədə kollegiya qərar qəbul edib.
Kollegiya iclasının sonunda müzakirə olunan məsələlər, qeyd olunan nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.