ELM VƏ TƏHSİL
Bir şagirdin qəlbini fəth etmək bir ölkə fəth etməkdən daha alidir
Bilik Fondunun İnformasiya təminatı sektorundan AZƏRTAC-a bildiriblər ki, Fondun icraçı direktoru Oktay Səmədov qonaqları qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edib. Fondun maarifçiliklə bağlı layihələrindən bəhs edən icraçı direktor müəllimlərin bu layihələrdə yaxından iştirakının vacibliyini vurğulayıb.
“Dəyirmi masa”da çıxışında müəllimlik peşəsinin müqəddəsliyindən söz açan Əməkdar Müəllim, pedaqoji elmlər doktoru, professor, Təhsil Şurasının sədri Əjdər Ağayev hər bir şagirdə fərdi yanaşmanın zəruriliyini və təlim-tərbiyə prosesinin fədakarlıq tələb etdiyini deyib: “Bir şagirdin qəlbini fəth etmək bir ölkə fəth etməkdən daha alidir”.
Tədbirdə orta məktəb direktorları, Bakı Slavyan Universitetinin Məktəb lisey Kompleksinin birinci sinif şagirdləri, ali məktəblərin pedaqoji fakültələrinin tələbələri iştirak ediblər.
“Dəyirmi masa”da təhsillə bağlı müzakirələr aparılıb. Əjdər Ağayev tələbələri maraqlandıran sualları cavablandırıb. İştirakçılar belə tədbirlərin davamlı keçirilməsinə ehtiyac olduğunu bildiriblər. Nəsimi rayonu, 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova növbəti “dəyirmi masa”nın keçirilməsi üçün Fondun əməkdaşlarını və həmkarlarını rəhbərlik etdiyi məktəbə dəvət edib.
Sonda birincilər müəllimə həsr olunan şeirlər səsləndiriblər.