ELM VƏ TƏHSİL
Bir sıra təhsil müəssisələri binalarının tikintisi və təmiri başa çatdırılacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
2015-2016-cı tədris ilinin başlanğıcında bir sıra təhsil müəssisələri binalarının tikintisi və təmiri başa çatdırılacaq, yenilərinin təməli qoyulacaq.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yeni məktəb binalarının tikintisi əsasən bölgələri əhatə edir. Təmir-tikinti qrafikinə uyğun olaraq, sentyabr-oktyabr aylarında Gədəbəydə Moruxlu, Bərdədə Türkmənkənd, Kürdəmirdə Atakişili, Şəkidə Qaratorpaq, Lerikdə Anbu, Zaqatalada Yengiyan, Şamaxıda Şərədil, Astarada Artupa və Sım, Cəlilabadda İncilli, Qubada Əspərasti və Məckə-Xacə kənd tam orta məktəbləri binalarının tikintisinin başa çatdırılması və təhvil verilməsi nəzərdə tutulub. Bunlarla yanaşı, Şəmkir şəhərində Nizami Gəncəvi adına məktəbin binasının, Lənkəranda oğlanlar üçün ailə tipli kiçik qrup evlərinin tikintisi yekunlaşdırılacaq, Qəbələdə peşə məktəbinin təməli qoyulacaq.
Yeni tədris ili ərəfəsində əsaslı təmir olunmuş bir sıra təhsil müəssisələri də müəllim və şagirdlərin istifadəsinə veriləcək. Belə ki, Balakən rayonu ümumi orta internat məktəbinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binasının, Bakı Texniki Kollecinin, Bakı Rabitə və Nəqliyyat Kollecinin, Kimya-biologiya təmayüllü Respublika liseyinin, Bakı şəhəri Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin əsaslı təmiri artıq yekunlaşıb.