İDMAN
Azərbaycanlı üzgüçülər Xaçmazda keçirilən beynəlxalq turnirdə qüvvələrini sınayırlar VİDEO
Xaçmaz, 3 may, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Olimpiya İdman Kompleksində 5 ölkədən 80-dən çox idmançının qatıldığı su idmanının üzgüçülük növü üzrə beynəlxalq turnirə start verilib. Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan və Qırğızıstan idmançıları da iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar təşkil olunan turnirin mayın 3-də təntənəli açılış mərasimi keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov çıxış edərək, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bu yarışın ənənəvi olaraq hər il keçirildiyini qeyd etdi. Bildirildi ki, son illər Azərbaycan mötəbər idman yarışlarının keçirildiyi məkan kimi bütün dünyada tanınır. İyunda isə bütün dünyanın diqqəti bir daha ölkəmizə yönələcək. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarında 6 mindən çox avropalı idmançı qüvvəsini sınayacaq.
Sonra Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənəniyarlı yarışda iştirak edən idmançılara uğurlar arzuladı. Beynəlxalq yarışın yığma komandamızın formalaşmasında böyük əhəmiyyət daşıdığını vurğulayan federasiya nümayəndəsi üzgüçülərimizin yüksək yerlərə iddialı olduğunu bildirdi.
Açılış mərasimində nümayiş etdirilən milli rəqslər və musiqi proqramı iştirakçılar tərəfindən maraqla qarşılandı.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra idmançılar mübarizəyə başladı.
Turnirdə 1997-1998-ci il təvəllüdlü və daha kiçik yaş qrupları üzrə idmançılar yarışırlar. Azərbaycan komandası yarışlara 38 idmançı ilə qatılıb. Onların 12-si ölkəmizi birinci Avropa Oyunlarında təmsil edəcək. Turnirdə Gürcüstanın 20, Qazaxıstanın 10, Qırğızıstanın 10, Rusiyanın isə 4 üzgüçüsü medallar uğrunda mübarizə aparır.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən beynəlxalq turnirə mayın 6-da yekun vurulacaq.