İDMAN
Birinci Avropa Oyunlarında Azərbaycanı 291 idmançı təmsil edəcək VİDEO
Bakı, 29 may, Səxavət Quliyev, Samirə Allahverdiyeva, AZƏRTAC
“Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançılarına dəstək tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “Coca-Cola” şirkətinin dəstəyi ilə Milli Olimpiya Komitəsinin inzibati binasında keçirilən tədbirdə milli komandamızın rəhbəri Könül Nurullayeva “Bakı-2015”də Azərbaycanı 291 atletin təmsil edəcəyini bildirib. O qeyd edib ki, nümayəndə heyəti 441 nəfərdən ibarətdir və onun 150-si rəsmi şəxslərdir. Komandamız Rusiya kollektivindən sonra ən böyük heyətlə təmsil olunan ikinci kollektivdir. Könül Nurullayeva deyib: “İyunun 8-də komandamız digər ölkələrdən olan idmançılar kimi Atletlər kəndində məskunlaşacaq. Kanoe və kayak yarışlarında mübarizə aparacaq idmançılarımız isə Mingəçevirdəki Atletlər kəndində yerləşəcəklər. İyunun 11-də isə Atletlər kəndində Azərbaycan komandasını salamlama mərasimi təşkil olunacaq. Ümid edirəm ki, atletlərimiz birinci Avropa Oyunlarında uğurla çıxış edib xalqımızı sevindirəcəklər”.
Azərbaycanın birinci Avropa Oyunlarına tam hazır olduğunu diqqətə çatdıran gənclər və idman naziri Azad Rəhimov paytaxtımızda artıq “Bakı-2015”in ab-havasının duyulduğunu vurğulayıb. Nazir qeyd edib ki, birinci Avropa Oyunları ilə əlaqədar yeni yollar və parklar salınıb, paytaxtımızın siması gözəlləşməkdə davam edir. Əminliklə deyə bilərəm ki, xarici qonaqlar ölkəmizi sevəcəklər və paytaxtımızdan xoş təəssüratlarla ayrılacaqlar. Azərbaycan birinci Avropa Oyunlarında böyük heyətlə təmsil olunacaq. İdmançılarımız mötəbər yarışa ciddi hazırlaşıb və əsas mükafatlar uğrunda mübarizə aparacaqlar. “Bakı-2015” idmançılar üçün yeni imkanlar açacaq və nailiyyət qazanmalarına töhfə verəcək.
Xalqımızın birinci Avropa Oyunlarının açılış mərasimini səbirsizliklə gözlədiyini bildirən Azad Rəhimov komandamızın Bakı Olimpiya Stadionunda yürüşünün yaddaşlardan silinməyəcəyini vurğulayıb.
Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə deyib: “Adətən mötəbər yarışlar ərəfəsində yerli idmançıların yola salınma mərasimi təşkil olunur. Ancaq bu dəfə biz qitənin ən güclü idmançılarını öz ölkəmizdə salamlayırıq. Artıq ölkəmiz birinci Avropa Oyunlarına hazırdır. Əsas məsuliyyət artıq idmançılarımızın üzərinə düşür. Onların “Bakı-2015”ə hazırlaşması üçün hər cür şərait yaradılıb. İnanırıq ki, atletlərimiz bu imkanlardan maksimum istifadə edərək medallar uğrunda əzmlə mübarizə aparıb üçrəngli bayrağımızı dalğalandıracaqlar”.
Sonra “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel və “Bakı-2015”in ulduz elçisi Tünzalə Ağayeva çıxış edərək idmançılarımıza uğurlar arzulayıblar.
Sonda Tünzalə Ağayeva birinci Avropa Oyunları ilə bağlı “Bakımın üzü gülür” mahnısını ifa edib.