İDMAN
Birinci Avropa Oyunlarında Polşanı 214 idmançı təmsil edəcək
Varşava, 23 may, Laçın Sultanova, AZƏRTAC
Polşa Olimpiya Komitəsi iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Polşa yığmasının heyətini təsdiqləyib.
AZƏRTAC-ın Varşavaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə məlumat Polşa Olimpiya Komitəsinin idarə heyətinin bəyanatında yer alıb.
Polşalı idmançılar idmanın badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (zalda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suya tullanma, sambo, atıcılıq, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi növlərində yarışacaqlar.
Polşa nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polşalı idmançıların ilk qrupu Bakıya iyunun 8-də yola düşəcək. Polşa Olimpiya Komitəsi baydarkda avarçəkmə, voleybol, velosiped idmanı, kamandan oxatma, stolüstü tennis, qılıncoynatma və güləş kimi idman növlərində medallara ümid bəsləyir.