İDMAN
Birinci Avropa Oyunlarının bütün arenalarında əlillərin girişi üçün lazımi vasitələr təmin ediləcək
Bakı, 26 may, AZƏRTAC
“Bakı-2015” Əməliyyat Komitəsi (BEGOC) birinci Avropa Oyunları üçün inşa edilmiş bütün arenalarda əlil və ya fiziki qüsurlu şəxslər üçün bütün lazımi vasitələrin olacağını açıqlayıb. Bu idman qurğularının təməli qoyulan gündən belə bir imkanın yaradılması birinci dərəcəli məsələyə çevrilmişdi. Nəqliyyat vasitəsindən düşmək üçün müvafiq ərazilərin ayrılmasından tutmuş onlara kömək etmək məqsədilə xüsusi olaraq təlimatlandırılmış heyətlərə qədər bütün xidmətlər bu sahədə beynəlxalq standartlara cavab verəcək.
BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bu barədə deyib: “Əlilliyi olan qonaqlarımızın rahatlığını təmin etmək ən başlıca məsələlərdəndir. Bu şəxslərin rahatlığının bütün digər tamaşaçılarla eyni səviyyədə olacağına inanırıq. Avropa Oyunlarının faydalarından biri də arenalara giriş imkanı yaradan vasitələrin yaradılması üçün görülən planlaşdırma və hazırlıq işləridir. Bakı şəhəri beynəlxalq tələblərə cavab verən bu mirasdan Avropa Oyunlarından sonra - 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunları və digər yarışlarda da faydalanacaq”.
“Bakı-2015”-in dəvəti ilə arenalara tam baxış keçirmək üçün paralimpiya çempionu Nik Morris ötən həftə Bakıya gəlib. N.Morris obyektlərə giriş üçün xüsusi vasitələrin qurulması üzrə Məsləhətçilər Assosiasiyasının rəsmi məsləhətçisidir. O, Sidney Olimpiya və Paralimpiya Oyunlarında məsləhətçi kimi işlədikdən sonra, 2004-2012-ci illərdə Beynəlxalq Paralimpiya Komitəsi və bir sıra oyunların təşkilat komitəsində əlillərin arenalara girişi üçün xüsusi vasitələrin quraşdırılması üzrə ekspert-məsləhətçi kimi fəaliyyət göstərib.
“Əlilliyi olan və ya yaşlı insanlar da daxil olmaqla bütün tamaşaçılar, “Bakı-2015” birinci Avropa Oyunlarının mərasimlərinə, idman yarışlarına gələ və zövq ala bilərlər. Həmin şəxslər və onları müşayiət edənlər müvafiq nəqliyyat vasitələri ilə arenalara çatdırılmaq üçün bütün imkanlarla təmin olunurlar”, - deyə Nik Morris bildirib.
“Bakı-2015” hamı üçün bərabər imkanlar və güzəştlər prinsipinə əsaslanaraq arenalara giriş məqsədilə xüsusi vasitələrə ehtiyacı olan tamaşaçılar və onları müşayiət edən şəxsləri bütün idman yarışlarına pulsuz biletlərlə təmin edir. Pulsuz biletləri “Bakı-2015”-in şəhərdəki bilet satışı məntəqələrindən əldə etmək mümkündür. Bilet alarkən arenalara giriş üçün xüsusi vasitələrə ehtiyacı olduğunu bildirən tamaşaçılar üçün rahat oturacaq sahəsi ayrılacaq və ya təkərli kreslolar üçün məkanla təmin olunacaqlar.