CƏMİYYƏT
Birinci Avropa Oyunlarının çempionu İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb
Bakı, 3 avqust, AZƏRTAC
İkiqat paralimpiya və dünya, beşqat Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi İlham Zəkiyevin cəbhə bölgələrinə səfəri başa çatıb.
Səfərin təşkilatçısı polkovnik Abdulla Qurbaninin məlumatına görə, bir neçə gün davam edən səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti və cəbhəboyu yaşayış məntəqələrinin əhalisi ilə 20-dən artıq görüş keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 16 ildən sonra cəbhə bölgələrinə dünya şöhrətli idmançı kimi qayıdan keçmiş kəşfiyyatçı əsgər hər yerdə böyük qələbəliklə qarşılanıb.
Cəbhə bölgələrinə yola düşməzdən əvvəl İlham Zəkiyev və onu müşayiət edən şəxslər Şəhidlər xiyabanında Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini dərin hörmət və ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə tər çiçəklər düzüblər.
Şəmkirdə hərbi qulluqçular keçmiş əsgər yoldaşlarını böyük coşqu ilə qarşılayıb və onun tatami üzərində qazandığı qələbələrdən sonsuz iftixar hissi keçirdiklərini bildiriblər.
Xalqımızın ümummilli lideri, əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin hərbi hissənin qərargah binasının qarşısındakı parkda ucaldılan abidəsi önünə gül dəstəsi qoyan İlham Zəkiyev hərbi qulluqçulara Ulu Öndərin idman nailiyyətləri barədə sözlərini xatırladaraq qeyd edib ki, idmanda uğurlar böyük siyasi xarakter daşıyır. İdman nailiyyətləri dövlətçiliyimizin uğurları kimi qiymətləndirilməlidir. Azərbaycan bayrağının ucaldılmasında zərrə qədər əməyim varsa, mən də Vətənin bir əsgəri kimi bununla fəxr edirəm.
Əsgər klubunda keçirilən görüşdə qonağı komandanlıq adından salamlayan polkovnik Gəray Bağırov deyib ki, Silahlı Qüvvələrimizin əsgəri olmuş İlham Zəkiyevin son uğuru məhz 26 iyun – Azərbaycan Respublikası Silahlı Qüvvələr Gününə təsadüf edib. Həmin gün cəbhə bölgələrində düşmən atəşlərinin qarşısını mərdliklə alan Azərbaycan əsgəri üçün İlham Zəkiyevin qələbəsi ən böyük hədiyyə idi və onların döyüş ruhunu, düşmənə qarşı qəzəb hissini daha da yüksəldib.
İlham Zəkiyevin uğur və nailiyyətlərindən bəhs edən videoçarxın nümayişindən sonra idmançımız hərbçilərin suallarını cavablandırıb. “Möhtərəm Prezidentimiz sizə qızıl medal təqdim edərkən ona nə dediniz?” sualına İlham Zəkiyev “Cənab Ali Baş Komandan, əsgər Zəkiyev döyüş tapşırığını uğurla yerinə yetirərək qızıl medala sahib oldu!” sözlərini dediyini bildirib.
Sonra “Şöhrət” ordenli, əməkdar idman ustası İlham Zəkiyevin medallar kolleksiyası sərgilənib.
Göygöl-Kəlbəcər yolu üzərində Murovdağ şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət etdikdən sonra İlham Zəkiyev Murovdağ döyüşçüləri ilə görüşə yollanıb. Zirvələrdə əsgərlər onu dağ çiçəklərindən hörülmüş çələnglə qarşılayıblar. Vaxtilə səhhətində problemlər olmasına baxmayaraq, xalq şairi Məmməd Arazın da bu dağlara qalxdığını xatırladan əsgərlər İlham Zəkiyevin ön səngərə qalxdığı günün də tarixi və unudulmaz tarix olacağını deyiblər.
On altı ildən sonra yenidən əlinə silah alan İlham Zəkiyevin avtomatı ustalıqla söküb-yığması əsgərləri heyrətləndirib. Hərbçilərlə birlikdə şam süfrəsi ətrafında əyləşən İlham Zəkiyev Murovdağ döyüşçülərinin əhatəsində olmasından böyük qürur duyduğunu vurğulayıb. O, əmin olduğunu bildirib ki, tatami üzərində qələbə qazanaraq xalqımızı sevindirdiyi kimi, Azərbaycan əsgəri də işğal altındakı torpaqlarımızı tezliklə azad edərək xalqımızı qələbə müjdəsi ilə sevindirəcək.
Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində İlham Zəkiyev əsl qəhrəman kimi qarşılanıb. Daim düşmən atəşi altında yaşamalarına baxmayaraq, kəndi tərk etməyən qorxmaz sakinlər İlham Zəkiyevin gəlişini sevinclə qeyd ediblər. Kənd bədii özfəailiyyət kollektivi üzvlərinin ifasında əsgər marşları səslənib. 23 ildir ki, oğlunun yolunu gözləyən Səmərqə ana İlham Zəkiyevin kəndə gəlişi ilə sanki oğlunun da cəbhədən qayıtdığını deyərək onu bağrına basıb. Kəndin 43 şəhidinin xatirəsinə ucaldılan kompleks, Ana abidəsi və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun büstü ziyarət olunub. Kənd mərkəzində keçirilən izdihamlı mitinqi Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev açaraq Azərbaycan bayrağını dəfələrlə mötəbər idman yarışlarında ucaldan İlham Zəkiyevi hələ də ilk Avropa Oyunlarının xoş təəssüratları ilə yaşayan goranboylular adından salamlayıb və ona daha böyük uğurlar arzu edib.
Kənd ağsaqqallarından Tariyel Abbasov, Milli Qəhrəman Niyazi Aslanovun oğlu Həzi Aslanov və başqaları çıxış edərək bu görüşün kənd əhalisinə böyük sevinc bəxş etdiyini və bundan sonra da kəndin müdafiəsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, Milli Ordumuza həmişə dayaq olacaqlarını vurğulayıblar.
Düşmənin bir neçə metrliyində yerləşən ön səngərə baş çəkən İlham Zəkiyev Vətən müdafiəçilərinin xidmət şəraiti ilə tanış olub, onların problem və qayğıları ilə maraqlanıb, Ali Baş Komandanla birgə çəkdirdiyi və üzərində “Mən döyüş tapşırığını yerinə yetirərkən Vətən uğrunda gözlərimin nurunu itirsəm də, torpaqlarımızın tezliklə işğaldan azad edilməsi uğrunda döyüşdə qalib gələcəyimizə ümidimi, inamımı itirməmişəm. Bu gün də qəlbimin atəşi, qolumun gücü ilə sizlərlə birlikdə döyüşlərə atılmağa hazıram. Sən də Qarabağ uğrunda, əzəli və əbədi torpaqlarımızın azadlığı naminə müqəddəs savaşa hazır ol, Azərbaycan əsgəri!” sözləri yazılmış şəkilləri imzalayaraq döyüşçülərə hədiyyə edib.
Ağdam müdafiəçiləri ilə görüş zamanı İlham Zəkiyev bu bölgədə xidmət edən döyüşçülərin ötən ilin avqustunda düşmənin kəşfiyyat-təxribat qruplarının qarşısını mərdliklə aldıqları, düşmənə xeyli itki verdikləri, eləcə də Prezident İlham Əliyevin bölgəyə gələrək təmas xəttində döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu şəxsən mükafatlandırması xəbərini çox böyük ruh yüksəkliyi ilə qarşıladığını, bundan qürur duyduğunu deyib.
İlham Zəkiyev noyabrın 12-də hava məkanımıza təxribat xarakterli uçuşlar edən Ermənistan hərbi hava qüvvələrinə məxsus helikopteri vuran İlkin Muradovla da görüşmək arzusunda olduğunu bildirəndə İlkinin onun qarşısında dayandığını eşidərək duyğulu anlar yaşayıb.
Beyləqan bölgəsində də İlham Zəkiyev böyük səmimiyyətlə qarşılanıb. Bu görüşlərin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığında, onların vətənpərvərlik tərbiyəsində, hərbi qulluqçularda yüksək əxlaqi-mənəvi keyfiyyətlər aşılanmasında müstəsna əhəmiyyətini qeyd edən general-mayor Xəqani Cəbrayılov Ulu Öndərimizin qərargahın qarşısında ucaldılmış abidəsi önündə cəbhə bölgələrinə səfərdən xatirə olaraq İlham Zəkiyevə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun xüsusi hədiyyəsini təqdim edib.
Hərbi and içdiyi hərbi hissədə İlham Zəkiyevin gəlişi münasibətilə təşkil edilən tədbirdə polkovnik-leytenant Şükür Həmidov, bu hərbi hissənin fəxri olan şəhid Milli Qəhrəman Əliyar Əliyevin oğlu, atasının yolunu şərəflə davam etdirən mayor Emin Əliyev və bu günlərdə düşmənin pilotsuz uçan aparatını məhv edən əsgər İlkin Fətəliyev çıxış edərək İlham Zəkiyevi əmin ediblər ki, onun qanı tökülən, gözünün nurunu itirdiyi torpaqlar etibarla qorunur və onlar işğal altında olan torpaqları da tezliklə azad etməyə hazır və qadirdirlər.
Kəşfiyyatçıların təlim-toplantı iştirakçıları ilə görüş daha maraqlı olub. Çünki İlham Zəkiyev özü də kəşfiyyatçı olub. Əsgər yoldaşları və komandirlərlə görüşdə 1999-cu il fevralın 4-də son döyüş tapşırığını necə uğurla yerinə yetirdikləri və gözlərinin nurunu Vətənə qurban verdiyi gün xatırlanıb. İlham Zəkiyev alqışlar altında birinci Avropa Oyunları zamanı Azərbaycan Respublikasının dövlət himninin müşayiəti ilə onun şərəfinə qaldırılan dövlət bayrağımızı kəşfiyyatçılara əmanət edərək bu bayrağın tezliklə Xankəndi, Şuşa, Laçın və digər işğal altında olan torpaqlarımızda ucaldılacağına əminliyini bildirib.
Ağcabədi, Beyləqan, Füzuli bölgələrində tankçılar, artilleriyaçılar, motoatıcılarla da görüşlər şəxsi heyətdə xoş təəssüratlar oyadıb.
Horadiz şəhərində Füzuli Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri İlham Zəkiyevi hərarətlə qarşılayıblar.
Mədəniyyət sarayında keçirilən görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev dünyanın bir çox ölkələrinin iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi bir vaxtda müstəqil respublikamızın Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf etdiyini, sosial-iqtisadi sferalarda böyük uğurlar qazandığını vurğulayıb. O, Azərbaycanın nüfuzunun dünyada daha da artdığını, ordumuzun dünyanın güclü orduları sırasında yer aldığını qeyd edib. İlk Avropa Oyunlarının məhz Azərbaycanda reallaşdığını xatırladan icra başçısı bu gün ölkəmizin həqiqətən regionda söz sahibi olduğunu bildirib.
Görüş iştirakçılarının diqqətinə çatdırılıb ki, İlham Zəkiyev Azərbaycanımızın gözəl guşələrindən biri olan Füzuli torpaqları uğrunda, Aşağı Əbdürrəhmanlı kəndində döyüş tapşırığını yerinə yetirərkən yaralanıb və gözlərinin nurunu itirib. Qədirbilən Füzuli əhalisi isə bu torpaqlar uğrunda canından, qanından, gözlərinin işığından keçən insanları heç vaxt unutmur və unutmayacaqdır.
İlham Zəkiyevin Füzuli rayonunun fəxri vətəndaşı elan edilməsi görüş iştirakçıları tərəfindən hərarətli alqışlarla qarşılanıb.
Qarabağ müharibəsinin veteranı, “Azərbaycan Bayrağı” ordenli Sevindik İsmayılov rayon ictimaiyyəti adından İlham Zəkiyevi təbrik edərək bildirib ki, bu gündən fəxri vətəndaşı olduğu Füzuli rayonunun əhalisi də Ali Baş Komandanın əmrini gözləyir. Füzulililər torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qələbəmizlə başa çatacaq döyüşə hazırdırlar.
İlham Zəkiyev səmimi qarşılanmasına görə minnətdarlığını bildirib və Azərbaycan Prezidentinin sözlərini xatırladaraq böyük inam hissi ilə bəyan edib ki, əgər döyüşlər başlayarsa, həqiqətən də bir həftə ərzində Ermənistanda daş-daş üstə qalmayacaq.
İlham Zəkiyevin cəbhə bölgələrinə bir neçə günlük səfəri başa çatıb.