CƏMİYYƏT
Birinci Avropa Oyunlarının könüllüləri ilə görüş keçirilib
Sumqayıt, 4 iyul, AZƏRTAC
Sumqayıt Dövlət Universitetində (SDU) I Avropa Oyunlarının könüllüləri ilə görüş keçirilib.
SDU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, professor Elxan Hüseynov çıxış edərək, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının uğurla başa çatdığını vurğuladı. Qeyd olundu ki, qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. İlk Avropa Oyunlarının standartlarını müstəqil Azərbaycan müəyyənləşdirdi və Avropada yeni tarix yazdı.
E.Hüseynov, həmçinin bildirdi ki, Sumqayıt Dövlət Universitetinin tələbələri də Oyunlarda könüllü kimi fəal iştirak ediblər.
Filologiya fakültəsinin II kurs tələbəsi Sevil Yusifova yarışların keçirildiyi müddətdə könüllü kimi bu mötəbər beynəlxalq idman bayramının iştirakçısı olmaqdan qürur duyduğunu bildirərək dedi: “Müxtəlif ölkələrdən gələn idmançılara lazımi kömək göstərirdik. Qazancımız həm də müxtəlif ölkələrdən gələn insanlarla dostluq qurmağımızdır. Bunun üçün də xarici dil bilməyimiz vacib idi. Universitetimizin müəllimləri mənə qısa müddətdə alman dilini öyrətdiklərinə görə onlara öz dərin təşəkkürümü bildirirəm”.
Görüş zamanı tələbələr o tarixi günlə bağlı unudulmaz xatirələrini bölüşdülər və qələbəni bir daha alqış sədaları ilə qeyd etdilər.