İDMAN
Birinci Avropa Oyunlarının məşəl estafeti Naftalanda böyük izdihamla qarşılanıb VİDEO
Naftalan, 14 may, Sabir Əliyev, AZƏRTAC
Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Goranboydan sonra kurortlar şəhəri Naftalana gətirildi. Özünün müalicəvi nefti ilə dünyada məşhur olan Naftalan şəhərinin sakinləri yol boyu düzülərək, ilk Avropa Oyunlarının məşəl estafetini böyük coşqu ilə qarşıladılar.
AZƏRTAC xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Tural Məmmədov Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi. Dörd kilometr məsafədə məşəli növbə ilə bir-birinə ötürən idmançılar şəhər sakinlərinin alqışlarının müşayiəti ilə Heydər Əliyev parkına gəldilər.
Naftalan uşaq gənclər idman məktəbinin məşqçi-müəllimi Fuad Əliyev burada qurulmuş səhnəyə qalxaraq, çırağı alovlandırdı. Çıraq ilk Avropa Oyunlarının sonunadək “Bakı-2015”in rəmzi kimi Naftalanda saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərildi.
Məşəl yürüşü mərasiminin sevincini yaşayan şəhər sakinlərinin bir neçəsi ürək sözlərini AZƏRTAC-la bölüşdü. Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova: “Birinci Avropa Oyunlarının məşəl yürüşünü üzlədiyim üçün özümü xoşbəxt hiss edirəm. Bu tarixi hadisə ilə bir daha dünyaya göstərdik ki, Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, ən inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata keçirir. Ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman sahəsində də yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir”.
Səməd Vurğun adına 2 nömrəli orta məktəbin müəllimi Aygün Əliyeva isə dedi: “Belə mötəbər bir yarışa Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Bildiyimiz kimi, bu cür beynəlxalq və məsuliyyətli yarışlara ev sahibliyi etmək heç də hər ölkəyə qismət olmur. Burada ölkənin iqtisadi inkişafı, idman sahəsində qazandığı nailiyyətlər, infrastruktur və digər bu kimi amillər önəmli rol oynayır. Bütün bunlar isə Azərbaycanın timsalında daha aydın görünür. Buna görə də belə mötəbər idman tədbirinə ev sahibliyi etmək ölkəmizin haqqıdır”.
Birinci Avropa Oyunlarının həm də ölkəmizin dünyada təbliğində mühüm rol oynayacağını söyləyən Naftalan şəhər xəstəxanasının həkimi İlhamə Hüseynova bildirdi ki, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları medalların sayı ildən-ilə artır: “Söz yox ki, respublikamızın ev sahibliyi etdiyi bu Oyunlar da uğurla başa çatacaq. Bu tədbir təkcə idmançılarımızın qələbəsi ilə deyil, eyni zamanda, Azərbaycanda idmanın daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq”.