İDMAN
Birinci Avropa Oyunlarının su polosu yarışlarının ilk günündə 6 qarşılaşma oynanılıb VİDEO
Bakı, 12 iyun, Pərvanə İmanova, Nəriman Həsənov, AZƏRTAC
İyunun 12-də “Bakı-2015” birinci Avropa Oyunlarının su polosu yarışlarının qrup mərhələsi çərçivəsində 6 görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, birinci Avropa Oyunlarının ilk günündə su polosu üzrə qadın atletlər üz-üzə gəliblər.
“A” qrupunda Niderland millisi İsrail, Macarıstan yığması Almaniya, Yunanıstan kollektivi isə Böyük Britaniya komandası ilə qarşılaşıb.
“B” qrupunda isə İspaniya-Serbiya, Rusiya–Slovakiya və İtaliya–Fransa qarşılaşmaları oynanılıb.
Qrupun ilk oyununda Niderland yığması İsrail millisini 29:1 hesabı ilə məğlub edib. Qrupun ikinci qarşılaşmasında Macarıstan milli komandası 21:4 hesabı ilə Almaniya yığmasını məğlubiyyətə uğradıb. Digər oyunda isə Yunanıstan seçməsi Böyük Britaniya millisinə 20:2 hesabı ilə qalib gəlib.
Tamaşaçılar “B” qrupunda da maraqlı idman mübarizəsinin şahidi olublar. Qrupun ilk oyununda İspaniya yığma komandası Serbiya millisini ağır məğlubiyyətə uğradıb – 17:4. Digər oyunda isə Rusiya yığması Slovakiya kollektivinə 13:4 hesabı ilə qalib gəlib. İtaliyalılar isə fransızları 22:5 hesabı ilə ağır məğlubiyyətə uğradıblar.
Niderland millisinin 17 yaşlı üzvü Kitti Lin Youstra yarışın ilk gününün ən məhsuldar oyunçusu olub. O, İsrail komandasının qapısına hamıdan çox – 6 dəfə yol tapa bilib. Onu 5 qolla italiyalı idmançı – 16 yaşlı Aqneze Kokçiere izləyir.
Xatırladaq ki, 364 idmançının mübarizə apardığı su polosu üzrə qadınların yarışında Azərbaycan iştirak etmir. Ölkəmiz su polosu üzrə kişilərin mübarizəsində 13 idmançı ilə təmsil olunur.