ELM VƏ TƏHSİL
Birinci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi elan edilib
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ötən il Moskvada EİF, federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsini elan edib.
EİF-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqə Azərbaycan və Rusiya alimlərindən ibarət müvəqqəti fəaliyyət göstərən yaradıcı kollektivlər tərəfindən birgə yerinə yetirilməsi planlaşdırılan və hər iki tərəf üçün aktual olan elmi istiqamətlər üzrə fundamental-tətbiq xarakterli elmi tədqiqat layihələrini dəstəkləmək, beynəlxalq elmi əməkdaşlıq fəaliyyətini stimullaşdırmaq və müasir elmi problemlərin həlli üçün əlavə yaradıcılıq imkanı yaratmaq məqsədilə elan olunub. Müsabiqə çərçivəsində fundamental-tətbiqi xarakterli, iki yüz min manatadək maliyyə həcmli layihələr EİF tərəfindən maliyyələşdiriləcək.
Müsabiqədə iştirak etmək üçün layihələr martın 28-dən iyunun 29-u saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2017-ci ilin dördüncü rübündə açıqlanması planlaşdırılır.
EİF müsabiqəyə təqdim olunmuş layihələrin elmi ekspertizası işini və qalib layihələrin vaxtaşırı monitorinqini təşkil edəcək. Müsabiqəyə layihələr yalnız EİF-in yaratdığı innovativ texnologiya olan “e-QRANT”-“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilə bilər. Qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə fondun məsləhət seminarlarının keçirilməsi də nəzərdə tutulub.