REGİONLAR


Birinci Gəncə Beynəlxalq Musiqi Festivalında unudulmaz anlar yaşanıb VİDEO

Gəncə, 29 may, Rauf Hacıyev, AZƏRTAC

Nizami yurdunda ilk dəfə olaraq keçirilən Birinci Gəncə Beynəlxalq Musiqi Festivalında səsləndirilən musiqilər, rəngarəng rəqslər şəhər sakinlərində xoş ovqat yaradıb.

AZƏRTAC xəbər verir ki, festival “Gəncə Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı 2017” layihəsi çərçivəsində MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə tədbirlər planına əsasən həyata keçirilib.

Festivalda Rusiya, Belarus və Tacikistandan olan musiqi və rəqs kollektivləri, yerli mahnı və rəqs ansamblları, həmçinin Bakı şəhərindən gələn incəsənət nümayəndələri çıxış ediblər.

Tədbirdə bildirilib ki, Birinci Gəncə Beynəlxalq Musiqi Festivalının 28 May-Respublika Gününə təsadüf etməsi şəhər sakinlərinə ikiqat bayram sevinci yaşadıb. Çünki 99 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub. Məhz o zaman Gəncə şəhərində dövlətimiz üçün taleyüklü məsələlər müzakirə olunub, mühüm qərarlar qəbul edilib. Tarix etibarilə qısa, lakin şərəfli yol keçən Azərbaycan Xalq Cümhuriyyətinin bəşəri və demokratik ideyalalarını xalqımız qoruyub saxlayaraq sonrakı dövrlərdə azadlıq və müstəqillik yolunda əsas amala çevirib.

Artıq müstəqilliyinin 25 illiyini böyük təntənə ilə qeyd etmiş bugünkü Azərbaycan isə suveren və demokratik prinsiplər üzərində inkişaf edən, dünya birliyi tərəfindən böyük ehtiramla qarşılanan dövlətdir. İndi Azərbaycan mədəniyyətlər, dinlər, sivilizasiyalar və qitələr arasında dialoqa təkan verən beynəlxalq mərkəzə çevrilib.

Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində digər bölgələrimiz kimi qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhəri də çoxəsrlik tarixi irsini, özünəməxsus mədəniyyətini qoruyub saxlamaqla ildən-ilə müasirləşir, gözəlləşir və inkişaf edir.

Həmçinin Gəncə şəhəri ölkəmizdəki böyük inkişafa töhfələr verməyə çalışır. 2016-cı ildə Avropa Gənclər Paytaxtı olan Gəncə şəhəri elə həmin il sentyabrın 16-da Qırğızıstan Respublikasının paytaxtı Bişkekdə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində 2017-ci il üçün “Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı” seçilib.

Sonra Birinci Gəncə Beynəlxalq Musiqi Festivalında iştirak edən incəsənət ustaları tamaşaçılar qarşısında çıxış ediblər.

Heydər Əliyev Park Kompleksindəki amfiteatrda keçirilən Birinci Gəncə Beynəlxalq Musiqi Festivalında N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc solistlər ansamblı, Tacikistan Respublikasının məşhur “Bazmoro” rəqs ansamblı, Belarus Respublikasının əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının “Kupalinka” folklor qrupu tamaşaçılara əsl bayram əhvalı yaşadıblar.

Həmçinin Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının təqdim etdiyi rəqslər, Bakı şəhərindən gələn tanınmış incəsənət ustaları-Azərbaycan Respublikasının Xalq Artisti Azər Zeynalov, Azərbaycan Respublikasının Əməkdar artistləri Abbas Bağırov, Nərgiz Kərimova və Gülüstan Əliyevanın musiqisevərlər qarşısındakı ifaları şəhər sakinlərinə unudulmaz anlar yaşadıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.