ELM VƏ TƏHSİL
Birinci Milli Sənaye Mühəndisliyi Forumuna hazırlıq məsələləri müzakirə edilib
Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Bakı Mühəndislik Universitetinin (BMU) sənayenin təşkili və idarə olunması kafedrasının müdiri Pərviz Həsənov və “Delta Group LLC”-nin planlama müdiri Seymur İlyasovla görüşüb.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, görüşdə aprelin 9-da ADNSU-nun və BMU-nun təşkilatçılığı ilə keçiriləcək birinci Milli Sənaye Mühəndisliyi Forumuna hazırlıq məsələləri müzakirə olunub.
Forumun yüksək səviyyədə təşkilinin vacibliyini vurğulayan M.Babanlı bu cür tədbirlərin gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün əhəmiyyətli olduğunu qeyd edib. Son vaxtlar ADNSU-da həyata keçirilən islahatlar haqqında danışan rektor qonaqlara universitetin startap mərkəzi tərəfindən görülən işlər barədə məlumat verib.
Görüşdə, həmçinin foruma hazırlıq işlərinin hazırkı vəziyyəti, reqlament, iştirakçılar, müzakirə olunacaq mövzular və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, birinci Milli Sənaye Mühəndisliyi Forumunun keçirilməsinin əsas məqsədi sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən peşəkarları bir araya toplamaq, sənayenin müxtəlif perspektivləri üzrə fikir mübadiləsi aparmaq, yerli və beynəlxalq təcrübələrdən faydalanmaqdır.