REGİONLAR
“Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında Almaniyadan gətirilmiş kartof sortu əkilir
Qazax, 28 mart, Famil Quliyev, AZƏRTAC
Qazax rayonunun “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatında kartof əkininə başlanılıb.
Təsərrüfat direktorunun birinci müavini Safura Vəliyeva AZƏRTAC-a bildirib ki, sahələrə Almaniyadan gətirilmiş “AQATA” kartof sortu əkilir. Bunun üçün 212 hektar sahədə əvvəlcədən lazımi hazırlıq işləri həyata keçirilib, şumlama və dərmanlama aparılıb. Hər gün təqribən 8-10 hektar sahəyə kartof toxumu səpilir.
S.Vəliyeva onu da qeyd edib ki, təsərrüfat şumlama traktorları, dərmanlanma və toxumsəpən aqreqatlarla tam təmin olunub. Bu da əkinin sürətlə aparılmasına və optimal müddətdə başa çatdırılmasına imkan yaradır.
Xatırladaq ki, “Birinci Şıxlı” kəndli-fermer təsərrüfatı 2016-cı il oktyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.