ELM VƏ TEXNOLOGİYA


Birinci Türkoloji Qurultay türk xalqlarının mədəni inteqrasiyasında diqqətəlayiq hadisələrdəndir

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Ankarada Türkiyə Elmlər Akademiyasının (TEA) təşkilatçılığı, Beynəlxalq Türk Akademiyası (BTA) və Türk Dünyası Beynəlxalq Akademiyaları Assosiasiyasının (TDBAA) iştirakı ilə, Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr edilmiş “Türk dünyasında elmi əməkdaşlıq və dialoq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, tədbirdə TEA-nın prezidenti, akademik Əhməd Cavad Açar qurultayın böyük tarixi əhəmiyyətindən danışıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay və elmi-mədəni inteqrasiya prosesləri” mövzusunda məruzə ilə çıxış edib. Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamının əhəmiyyətini qeyd edən akademik qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar, latın qrafikalı əlifbaya keçid proseslərindəki rolu barədə danışıb. Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın türk dünyasının inkişafında baş vermiş böyük mədəniyyət hadisəsi olduğunu bildirən İ.Həbibbəyli bu möhtəşəm tədbiri türk dünyasının mədəni birliyinin və mənəvi bağlılığının yeni tarixi epoxadakı vəzifələrini diqqət mərkəzinə çəkən böyük elmi forum kimi dəyərləndirib.

Sonra AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun dil problemlərinə həsr olunmuş “Birinci Türkoloji Qurultay və türk dünyası” mövzusunda məruzəsi dinlənilib.

Digər çıxış edənlər təmsil etdikləri ölkələrdə Türkoloji Qurultayla əlaqədar keçirilən tədbirlərdən danışıb, mövzu üzrə mülahizələrini və təkliflərini bildiriblər.

Tədbirdə, həmçinin TDEAA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. Assosiasiyaya 2017-ci ilin oktyabrından AMEA-nın sədrlik edəcəyi barədə qərar qəbul edilib.

Birinci Türkoloji Qurultayın yekun yubiley tədbiri AMEA-nın təşkilatçılığı ilə noyabrın 13-dən 15-dək Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.