İQTİSADİYYAT
Birinci Xəzər beynəlxalq su texnologiyaları sərgisinndə dünyanın ən yaxşı brendləri, müasir avadanlıq və texnologiyaları toplanmışdır
Bakı, 13 aprel (AZƏRTAC). “CATEF-2013” I Xəzər beynəlxalq su texnologiyaları sərgisinin debütünü uğurlu adlandırmaq olar. Belə ki, sərgidə dünyanın ən yaxşı brendləri və ən müasir avadanlıq və texnologiyaları toplanmışdır. Artıq sərginin ilk iş günündə biz bir neçə iri istehsalçı şirkətin nümayəndələri ilə tanış olduq və onlarla ilkin danışıqlar apararaq gələcək əməkdaşlıq xüsusunda müəyyən razılaşmalar əldə etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri CATEF sərgisinin iştirakçısı “Aquatech” şirkətinin satış üzrə direktoru Elnarə Babayeva bildirmişdir.
O qeyd etmişdir ki, ixtisaslaşdırılmış “Aquatech” şirkəti mənzil, kottec, ofis, restoran və müəssisələr üçün suyun təmizlənməsi üzrə innovasiyalı sistemlər təklif etməklə yanaşı, həm də suyun təmizlənməsi və hazırlanması sahəsində sutəmizləmə sistemlərinin layihələndirilməsi, quraşdırılması, zəmanət və texniki qulluq kimi tam xidmətlər kompleksini təmin edir.
Şirkətimizin mütəxəssisləri bu sahədə çoxillik iş təcrübəsinə malikdirlər. Bizim şirkət 15 ildən artıqdır ki, fəaliyyət göstərir. 2009-cu ildə isə biz brendimizi dəyişərək “Aquatech” adlanmağa başladıq və bununla həm də təklif etdiyimiz məhsul çeşidini genişləndirmiş olduq. Bir sıra dünyaca məşhur brendlərin distribütorları olaraq, biz Azərbaycanda həmin brendlərin maraqlarını təmsil edirik.