İQTİSADİYYAT
Birinci rübdə İqtisadiyyat Nazirliyində 7 mindən çox müraciətə baxılıb
Bakı, 1 may, AZƏRTAC
Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinə 7 mindən çox müraciət daxil olub. İndiyədək 195-2 Çağrı Mərkəzinə daxil olan müraciətlərin sayı isə təqribən 52 mindir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlər əsasən sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, lisenziyalar, investisiya təşviqi sənədi, qeyri-neft məhsullarının ixracının dəstəklənməsi və nazirliyin səlahiyyətlərinə aid digər məsələlər barədə olub. Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılıb və müvafiq tədbirlər görülüb.
Xatırladaq ki, Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan 195 nömrəsinə zəng edib “2” düyməsini yığmaq lazımdır. Stasionar nömrələrdən “195-2” nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 9.00-dan 18.00-dək fəaliyyət göstərir.