İQTİSADİYYAT
Birinci rübdə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılacaq
Bakı, 16 yanvar, AZƏRTAC
İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur.
Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasının təmini məqsədilə zəmanət mexanizminin tətbiqi ilə bağlı işlər yekunlaşıb. Fond ilə Dünya Bankı arasında imzalanmış birgə əməkdaşlığa dair saziş çərçivəsində qabaqcıl beynəlxalq təcrübə araşdırılıb, Dünya Bankının mütəxəssislərinin iştirakı ilə zəmanətlərin verilməsi üzrə müvafiq qaydaların layihəsi hazırlanıb, eləcə də risklərin idarə edilməsi üzrə baza modeli və müvafiq mexanizm formalaşdırılıb.
İpoteka kreditləri üzrə zəmanət mexanizminin 2018-ci ilin ilk rübündə tətbiqinə başlanılması nəzərdə tutulur. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsi və sadələşdirilməsinə, habelə maliyyə risklərinin optimal idarə olunmasına zəmin yaradacaq.