ELM VƏ TƏHSİL


Birinci sinfə qəbulun ilk mərhələsi yekunlaşıb

Bakı, 16 iyun, AZƏRTAC

Paytaxtın ümumi təhsil məktəblərində 2017-2018-ci dərs ili üçün I sinfə şagird qəbulunun ilk mərhələsi yekunlaşıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, elektron sənəd qəbulunun II mərhələsinə iyunun 20-dən start veriləcək. İndiyədək I sinfə şagird qəbulu ilə bağlı elektron sistem vasitəsilə 44 000-dən çox uşaq qeydiyyatdan keçib.

Hazırda I sinfə qəbul prosesində birinci mərhələdə elektron qeydiyyata alınmış ərizələrin emalı prosesi gedir. Emal zamanı birinci mərhələdə qeydiyyatdan keçmiş, amma sənədlərini iyunun 14-nə kimi məktəbə təqdim etməyən şəxslərin sorğuları sistemdən silinir.

İkinci mərhələdə valideynlər müvafiq qaydalara uyğun olaraq, mektebeqebul.edu.az elektron sistemi vasitəsilə I sinfə qəbul üzrə sorğu yerləşdirə bilərlər. Bundan sonra valideynlər övladlarının sənədlərini iyunun 20-dən sentyabrın 18-dək (iyul ayı istisna olmaqla) məktəbə təqdim etməlidirlər.

Məktəb tərəfindən sənədlər hər həftənin V-VI günləri (bayram günləri istisna olmaqla) saat 11:00-dan 16:00-dək qəbul edilir. Sənədlər qəbul edildikdən sonra valideynə (qanuni nümayəndəyə) bu barədə qəbz verilir.

Həmçinin hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Birinci sinfə şagird qəbulu prosesində qeydiyyat və sənəd qəbulu prosesində araşdırmaya ehtiyac olan məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyası fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.