REGİONLAR
Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolu 12 min nəfər əhalinin rahat gediş-gəlişini təmin edəcək
Füzuli, 4 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin iyulun 3-də imzaladığı Sərəncamla Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə 1,5 milyon manat ayrılıb.
Füzuli rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, yolun asfalt örtüyünün eni 7 metr, qalınlığı 8 santimetr olacaq. Yol kənarlarında səki salınacaq, 1 körpü bərpa ediləcək, 6 su ötürücü boru qoyulacaq. İnşaatçılar yolun tikintisini bu il başa çatdırmaq əzmindədirlər.
Sakinlər bu Sərəncamı dövlətimizin başçısının bölgələrə göstərdiyi böyük diqqət və qayğısının parlaq təcəssümü kimi dəyərləndirirlər. Dördüncü Qayıdış qəsəbə sakini Şahin Əliyev fikirlərini belə ifadə edib: “Respublikanın bütün bölgələrində olduğu kimi, Füzuli rayonunda da geniş tikinti-quruculuq, abadlıq işləri aparılır, yollar çəkilir, əhalini narahat edən problemlər həll olunur. Dövlətimizin başçısının rayonun qəsəbələrarası yollarının yenidən qurulması ilə bağlı Sərəncamı sakinlərin böyük sevincinə səbəb olub. Bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 30 avqust tarixli Sərəncamına əsasən inşa edilən yolun uzunluğu 25,64 kilometrdir. Artıq 10 metr enində yol yatağının hazırlanması başa çatıb. Birinci və On birinci Qayıdış qəsəbələrarası avtomobil yolunun yenidən qurulması ilə 12 min nəfər əhalinin Horadiz şəhərinə və qonşu yaşayış məntəqələrinə rahat gediş-gəlişi təmin ediləcək.