İQTİSADİYYAT
Birjalarda neftin və aksiyaların qiyməti artmağa başlayıb
Bakı, 27 avqust, AZƏRTAC
Avqustun 27-də neft, aksiya və metalların qiymətlərində artım müşahidə olunub. Buna Federal Ehtiyatın (ABŞ-ın Mərkəzi Bankı) Birləşmiş Ştatlarda faiz dərəcələrinin artması barədə proqnozları doğrultmayan bəyanatı səbəb olub.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, Uoll-Strit-də aksiyaların dirçəlməsinin ardından Çinin fond indekslərinin qiymətləri də artmağa başlayıb.
Bloomberg agentliyinin məlumatına görə, WTI markalı neftin barrelinin qiyməti səhər saatlarında 2 faizdən də çox bahalaşaraq 39,40 dollardan satılıb. Londonun ICE Futures birjasında isə Brent markalın neftin barrelinin oktyabr fyuçerslərinin qiyməti də təxminən 2,3 faiz artaraq 44,12 dollarda qərarlaşıb.
Bu ərəfədə Bloomberg agentliyinin analitikləri ABŞ-da neft ehtiyatlarının orta hesabla bir qədər artacağını gözləsələr də, keçən həftə onun 5,45 milyon barrelə qədər azaldığı məlum olub.
Bundan başqa, Londonda mis 1,5 faiz, alüminium isə 1,1 faiz bahalaşıb.
ABŞ-ın aksiya bazarı da son dörd ilin rekord artımına imza atıb. Dow Jones industrials fond birjasının indeksi 3,95 faiz - 16 285,51 punkta qədər artıb. S&P500 fond indeksinə daxil olan aksiya kapitallaşması isə 643 milyard dollara qədər yüksəlib.
Bu artımlar fonunda avqustun 27-də Çin bazarında da dirçəlmə müşahidə olunub. Belə ki, Shanghai Composite fond birjasının indeksi 1,6 faizlik artım göstərib.