İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan məhsullarına maraq göstərir
Bakı, 30 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində səfərdə olan Azərbaycanın ixrac missiyası “Carrefour”, “Spinneys”, “Union Co-op” kimi iri marketlər şəbəkələrində olub. Keçirilmiş görüşlərdə Azərbaycan məhsullarının həmin marketlərdə satışı imkanları və distribüterlik məsələləri müzakirə edilib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ixrac missiyasında təmsil olunan və meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan iş adamları Dubayın “Al Aweer” meyvə-tərəvəz mərkəzində olublar. Burada keçirilən görüşlərdə “Al Aweer” meyvə-tərəvəz mərkəzinin nümayəndələri Azərbaycanın nar və alma məhsullarına maraqlarını bildirib, nümunələrin göndərilməsi barədə sifariş veriblər. Bundan başqa, meyvə-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan sahibkarlarımız Dubayın bir sıra logistika şirkətləri ilə görüşlər keçirib, yerli məhsulların Birləşmiş Ərəb Əmirliklərinə ixracı və daşınması məsələlərinə dair fikir mübadiləsi aparıblar.
İxracatçı şirkətlərimiz habelə Birləşmiş Ərəb Əmirliklərində akkreditə olunmuş və məhsulların Birləşmiş Ərəb Əmirliklərinin tələblərinə uyğun olaraq halal məhsul qismində tanınmasını təmin edən sertifikasiya təşkilatının nümayəndələri ilə görüşüblər. Burada Azərbaycan şirkətlərinə təşkilatın fəaliyyəti barədə məlumat verilib və bu sahədə əməkdaşlıq üçün təşkilatın nümayəndələri ölkəmizə dəvət edilib.
Qeyd edək ki, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən təşkil olunmuş ixrac missiyasına meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, ət və ət məhsulları, bal, süd və süd məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkətin nümayəndəsi daxildir. İxrac missiyasının səfəri noyabrın 30-dək davam edəcək.