İQTİSADİYYAT
Birləşmiş Ərəb Əmirlikləri energetika sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlıdır
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında siyasi və iqtisadi sahələrdə əlaqələr gündən-günə inkişaf edir. Son bir il ərzində Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Raşid Əl Maktumun qarşılıqlı səfərləri əlaqələrin daha sürətli inkişafı üçün yeni perspektivlər açıb.
Bu fikirləri Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov bu ölkənin energetika naziri Süheyl Məhəmməd Fərəc Əl Məzrui ilə görüşdə söyləyib.
Səfir Azərbaycan Prezidentinin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət, əldə edilmiş nailiyyətlər, aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı və ixracın şaxələndirilməsi istiqamətində atılan addımlar, Heydər Əliyev Fondu tərəfindən ölkədə və xaricdə həyata keçirilən sosial layihələr barədə məlumat verib. O, regionun iqtisadi cəhətdən cazibə mərkəzi olan BƏƏ ilə əməkdaşlığın inkişaf etdirilməsinin hər iki ölkənin mənfəətinə xidmət edəcəyinə inandığını deyib.
Bildirib ki, həm Azərbaycan, həm də BƏƏ neft-qaz ölkəsidir və bu sahədə böyük təcrübəyə malikdir. Eyni zamanda, hər iki ölkə alternativ və bərpa olunan enerji sahələrinin və qeyri-neft sektorunun inkişafında maraqlıdır. Məhz bu maraqlar iqtisadi cəhətdən səmərəli olan birgə uğurlu layihələrin həyata keçirilə biləcəyini deməyə əsas verir. BƏƏ bərpa olunan enerji mənbələrinin inkişafı sahəsində artıq müəyyən uğurlara imza atıb və böyük təcrübə əldə edə bilib. Bu sahənin inkişafı Azərbaycan rəhbərliyinin də diqqətindədir və bu məqsədlə Azərbaycan Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi təsis edilib. Azərbaycanın böyük günəş və külək enerjisi potensialı var və bu potensialın reallaşdırılmasında BƏƏ-dən olan investorların da iştirakı arzuediləndir.
Nazirin diqqətinə çatdırılıb ki, cari il iyunun 1-4-də Bakıda 23-cü Beynəlxalq Xəzər Neft-Qaz Sərgi və Konfransı keçiriləcək. Sözügedən tədbirdə iştirak etməsi üçün Azərbaycanın energetika naziri Natiq Əliyev tərəfindən Əl Məzruiyə dəvət məktubu ünvanlanıb. Səfir nazirə ünvanlanmış dəvət məktubunun surətini təqdim edərək, onu həmin tədbirdə iştiraka bir daha dəvət edib və bunun iki ölkə arasında energetika sahəsində əməkdaşlıq məsələlərinin hərtərəfli müzakirəsi üçün gözəl fürsət yaradacağını vurğulayıb.
Nazir Əl Məzrui bildirib ki, ölkəsi Azərbaycanla tərəfdaşlıq münasibətlərinə çox böyük əhəmiyyət verir. O vurğulayıb ki, Prezident İlham Əliyevin uğurlu siyasəti və rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər, həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri, qeyri-neft sektorunun inkişafı üçün apardığı ardıcıl islahatlar və turizmin inkişafı ilə digər ölkələr üçün modeldir. Bütün bunlarla yanaşı, regionda son dövrlər baş verən təlatümlər fonunda Azərbaycan kimi bir ölkə ilə tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi BƏƏ üçün müstəsna əhəmiyyət kəsb edir.
Nazir qeyd edib ki, OPEC ölkələrinin son Doha toplantısında Azərbaycanın da iştirak etməsi olduqca yüksək qiymətləndirilib. Həmin toplantı çərçivəsində nazir Natiq Əliyev ilə görüşün baş tutduğunu deyən Əl Məzrui deyib ki, toplantı nəticə olaraq uğursuz başa çatsa da, bütün bu ölkələrin hamısının bir yerə yığılması vacib idi.
Daha sonra energetika naziri Azərbaycanla mümkün əməkdaşlıq istiqamətləri barədə fikirlərini bölüşüb. Bildirib ki, BƏƏ neft-kimya sənayesi üzrə dünyanın 5-ci ən böyük istehsalçısıdır. Dünyanın bu sahə üzrə tanınmış bir sıra şirkətləri BƏƏ-yə cəlb edilib və onlar ən yeni texnologiyalar tətbiq etməklə istehsal həyata keçirirlər. Məlumdur ki, Azərbaycan da neft-kimya sənayesinin inkişafına xüsusi diqqət yetirir. Bu baxımdan, bu sahədə Azərbaycanla təcrübə mübadiləsinin həyata keçirilməsi və investisiya qoyuluşu imkanları nəzərdən keçirilə bilər.
Azərbaycanın Gürcüstan və Türkiyə ərazisindən öz təbii qazını Avropa bazarlarına çıxarmaqla bağlı gördüyü işləri təqdirlə qarşıladıqlarını deyən nazir BƏƏ-nin Avropanın enerji sektorunda fəaliyyət göstərən bir sıra mühüm şirkətlərin səhmdarı olduğunu, “Nord Stream” qaz kəmərinin çəkilişi də daxil olmaqla, ölkəsinin Avropada çoxsaylı iqtisadi layihələrdə iştirak etdiyini və bu baxımdan əslində iki ölkənin Avropa bazarında da yaxından əməkdaşlıq etməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Əlavə edilib ki, bərpa olunan enerji sahəsində də BƏƏ-də uğurlu layihələrə imza atılıb. Bu çərçivədə “Masdar” şirkətini qeyd edən nazir səfiri bu şirkətdə görüş keçirməyə, onun imkanları ilə tanış olmağa və Azərbaycanla əməkdaşlıq imkanlarını müzakirə etməyə dəvət edib. Həmçinin Dubayda bərpa olunan enerji sahəsində görülən işlər haqqında da danışan Əl Məzrui ötən il burada dünyanın ən aşağı günəş enerjisi tarifinin əldə edildiyini (5,8 US cents/kWh), bu il isə bu göstəricinin 3 US cents/kWh-a qədər aşağı salındığını vurğulayıb. Azərbaycanın bərpa olunan enerji sahəsindəki potensialının diqqətəlayiq olduğunu deyən nazir ölkəsinin bu sahədə dünyanın bir çox nöqtəsində layihələr həyata keçirən “EDP Group” şirkətində müəyyən səhmə malik olduğunu və bu məsələni şirkətin gündəminə gətirəcəklərini deyib.
Nazir, həmçinin Azərbaycan tərəfini cari ilin noyabr ayında BƏƏ-də keçiriləcək ADIPEC (Əbu Dabi Beynəlxalq Neft Sərgi və Konfransı) və yanvar ayında təşkil edilən ənənəvi Əbu Dabi Dayanıqlılıq Həftəsi çərçivəsində keçirilən tədbirlərdə iştiraka dəvət edib.
Səfir D.Şikarov Azərbaycanın BƏƏ-də həyata keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, qarşılıqlı səfərlər zamanı iki ölkənin ekspertləri arasında hərtərəfli müzakirələrin aparılmasının məqsədəuyğunluğunu qeyd edib.
Görüşdə diplomat nazirin diqqətini Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinə yönəldərək, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat verib, BƏƏ-nin istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana dəstək verən ədalətli mövqeyinin təqdirlə qarşılandığını bildirib.