SİYASƏT


Birləşmiş Ərəb Əmirlikləri qəzetində Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məqalə dərc olunub

A+ A

Əbu-Dabi, 17 oktyabr, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Fəcr” qəzetində “Azərbaycan xalqı 1991-ci ildə bərpa etdiyi müstəqilliyin 25 illiyini qeyd edir” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarovun müəllifi olduğu məqalədə Sovet İttifaqının süqutundan illər öncə Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini bərpa etməyə səy göstərdiyi və bu ali amal uğrunda mübarizə apardığı oxucuların diqqətinə çatdırılıb, bu mübarizənin nəticəsi olaraq 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyi vurğulanıb.

Sovet İttifaqı dağılandan sonra Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərdən bəhs edən D.Şikarov həmin vaxt hakimiyyətdə olan şəxslərin səriştəsizliyi nəticəsində xarici hərbi təcavüzün, etnik təmizləmənin və separatizm meyillərinin ölkənin taleyini sual altına qoyduğunu və xalqın günəşli sabaha inamını yox etdiyini bildirib. Bu cür ağır vəziyyətin xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevə üz tutmasına qədər davam etdiyi vurğulanıb. Bildirilib ki, ulu öndər Heydər Əliyev həyatı bahasına xalqın təkidli tələbini qəbul edib və 1993-cü il iyunun 15-də siyasi hakimiyyətə qayıtmağa razılıq verib. Təsadüfi deyil ki, həmin gün Azərbaycan xalqının Milli Qurtuluş Günü kimi qeyd edilir.

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründəki nailiyyətlərdən bəhs edən səfir Ulu Öndərin 1994-cü ildə beynəlxalq transmilli şirkətlərlə “Əsrin kontraktı”nı imzalamaqla milli iqtisadiyyata on milyard dollarla ölçülən investisiya axınını təmin etdiyini və bunun da ölkədə hərtərəfli siyasi, iqtisadi və sosial islahatların köməyi ilə dövlət müəssisələrinin yenidən qurulmasına və xalqın rifah halının yaxşılaşdırılmasına səbəb olduğunu qeyd edib. Səfir ulu öndər Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir” kəlamını ərəbdilli oxucuların diqqətinə çatdırıb.

D.Şikarov ümummilli lider Heydər Əliyevin xarici siyasətindən bəhs edərkən bildirib ki, Ulu Öndərin 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablanka Zirvə toplantısı çərçivəsində ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlər sırasında yer alan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti mərhum Şeyx Zayed bin Sultan Əl Nəhyanla tarixi görüşü Azərbaycan ilə BƏƏ arasında qardaşlıq əlaqələrinin gələcək istiqamətini müəyyən edib.

Diplomat ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu siyasi kursun 2003-cü ildən bəri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb, həmin ildən indiyədək ölkənin iqtisadi və sosial göstəriciləri, eləcə də xarici siyasəti barədə məlumat verib. Qeyd edib ki, Ümummilli Liderin siyasətinin layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətinə çevrilib, mühüm iqtisadi nailiyyətlərə imza atıb, ölkəmizin beynəlxalq nüfuzu artıb və xalqın rifahı daha da yüksəlib. Bütün bu amillər sayəsində dövlətimiz dünyada öz sözünü deyir və bu da müstəqilliyin güclü təməl üzərində qurulduğuna dəlalət edir.

Səfir Prezident İlham Əliyevin müdrikliyi və düşünülmüş siyasəti hesabına bu gün Azərbaycanda iri beynəlxalq enerji və nəqliyyat layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb.

Məqalədə Azərbaycanın humanitar, mədəniyyət, idman və incəsənət sahələrində də böyük uğurlara nail olduğu qeyd edilib. Bildirilib ki, respublikamız dünyada tolerant, humanitar ənənələrə malik çoxmədəniyyətli ölkə imicini qazanıb. Son 4 il ərzində ölkəmizin “Eurovision”, birinci Avropa Oyunları, “Formula-1” kimi nüfuzlu beynəlxalq müsabiqə və yarışlara ev sahibliyi etdiyini və 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarını qəbul edəcəyini vurğulayıb. O, sadalanan sahələrdə nailiyyətlərin qazanılmasındakı xidmətin böyük payının Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondunun üzərinə düşdüyünü qeyd edib.

Məqalənin yekununda ölkəmizin son 25 il müddətində qarşısında duran bütün çətinlik və məşəqqətləri qət etdiyi, öz müstəqilliyini qoruyub saxlamağa və yetişən nəsilləri ümidli gələcəklə təmin etməyə müyəssər olduğu, bütün dövlətlərlə dostluq və əməkdaşlıq əlaqələri qurmağa və möhkəmləndirməyə müvəffəq olduğu vurğulanıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.