DÜNYA
Birləşmiş Ərəb Əmirlikləri terrorizmə qarşı mübarizədə qüvvələri əlaqələndirməyə çağırır
Əmman, 5 iyul, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri şeyx Abdulla bin Zayid al Nəhyan terrorizmə qarşı mübarizədə əməkdaşlığa çağırıb. Əmirliyin “WAM” rəsmi informasiya agentliyinin məlumatına görə, XİN bu bəyanatı Səudiyyə Ərəbistanının şərqində və qərbində üç terror aktı törədildikdən sonra yayıb.
Bəyanatda bildirilir ki, hamının rastlaşdığı terrorizmə qarşı mübarizə əməkdaşlıq, qüvvələrin əlaqələndirilməsini və səbatlıq tələb edir. BƏƏ XİN-in bəyanatında deyilir: “Səudiyyə Ərəbistanı krallığına və digər ölkələrə qarşı yönələn cinayət dinimizə, ümumbəşəri humanist dəyərlərimizə, təhlükəsizliyimizə və sabit inkişafımıza meydan oxuyanlara qarşı var qüvvə ilə müqavimət göstərmək qətiyyətimizi ancaq artıra bilər”.
Xüsusilə vurğulanır ki, BƏƏ ədavəti qızışdırmağa çalışan terrorizmə qarşı mübarizədə Səudiyyə Ərəbistanı ilə bir sırada durmağa hazırdır. Nazirin fikrincə, Səudiyyə Ərəbistanında sabitlik İran körfəzi regionunda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində əmin-amanlığın dayaq nöqtəsidir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman