QAN YADDAŞI
Birləşmiş Ərəb Əmirliklərində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 27 fevral, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar anım mərasimi təşkil edilib.
Türkiyənin BƏƏ-dəki səfiri Mustafa Levent Bilgen və səfirliyin bütün diplomatik heyətinin və Azərbaycan icmasının üzvlərinin iştirakı ilə keçirilmiş tədbir Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Səfir Elxan Qəhrəman çıxış edərək Xocalı soyqırımı barədə məlumat verib. O, Xocalı faciəsinə siyasi-hüquqi qiymətin ilk dəfə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, bu soyqırımının hər il ölkə daxilində və xaricində qeyd edildiyini vurğulayıb. Diplomat soyqırımının 20-ci ildönümü günündə Azərbaycan Prezidenti İlham Əliyevin ümumxalq yürüşündə iştirak etdiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır.
E.Qəhrəman Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin dünya miqyasında yayılması məqsədilə mühüm işlər gördüyünü bildirib. Soyqırımına beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi qiymətin verilməsi üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən 2008-ci il mayın 8-də "Xocalıya ədalət" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis edildiyi xüsusi vurğulanıb.
Səfir Meksika, Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina və Peru parlamentlərinin, eləcə də ABŞ-ın 16 ştatının Xocalı soyqırımını rəsmən tanıdığını xatırladıb, bu coğrafiyanın gələcəkdə daha da genişlənəcəyinə inandığını qeyd edib.
Türkiyənin səfiri Mustafa Levent Bilgen Xocalı qətliamının bəşəriyyətə qarşı bir akt olduğunu söyləyib, qeyri-insani əməllərlə müşayiət edilən bu cür kütləvi qırğınların yalnız və yalnız ürəkləri nifrət və ədavətlə dolu cinayətkarlar tərəfindən törədilə biləcəyini qeyd edib.
Səfir ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırlayaraq, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olacağını söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmayana qədər işğalçı Ermənistanla sərhədlərin açılmayacağı barədə Türkiyə rəhbərliyinin bəyanatlarını yada salıb.
Çıxışlardan sonra tədbir iştirakçıları “Böyük yalanın həqiqəti” adlı sənədli filmi izləyiblər.
Tədbirdə, eyni zamanda, fotosərgi və soyqırımı haqqında kitab-jurnal guşəsi təşkil edilib.