SİYASƏT


Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fəcr” qəzetində Dövlət Bayrağı Gününə dair yazı dərc olunub

A+ A

Bakı, 9 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun “Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir” sərlövhəli məqaləsi dərc olunub.

Səfirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məqalə ümummilli lider Heydər Əliyevin “Yüksələn bayraq daim dalğalanmalıdır” kəlamı ilə başlayır. Yazıda Ulu Öndərin bu hikmətli ifadəsinin Azərbaycan xalqının vahidliyini və bayraq ətrafında sıx birliyini, o cümlədən milli qürur mənbəyinin sarsılmazlığını nümayiş etdirdiyi vurğulanıb. Həmçinin Dövlət Bayrağı Gününün hər bir azərbaycanlı üçün əziz gün olduğu, xalqımızın liderinin bu bayrama xeyir-dua verməsinin onun əhəmiyyətini daha da artırdığı diqqətə çatdırılıb.

Diplomat yazıda vurğulayıb ki, bu şanlı bayram Azərbaycanın hərtərəfli inkişafı üçün əlavə stimuldur. Müdrik rəhbərlərinin uzaqgörənliyi ilə vətənpərvərliyin ən gözəl nümunələrini yaradan, qədim və zəngin ənənələrinə, tolerantlıq, qarşılıqlı hörmət və məhəbbət dəyərlərinə daim sadiqlik nümayiş etdirən xalqımız dövlət bayrağını göz bəbəyi kimi qoruyur, onu hər zaman yüksəkdə tutur. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Gününün təsis olunması və bu bayramın yüksək səviyyədə qeyd edilməsi ölkəmizdə vətənpərvərlik ruhunun daha da güclənməsinə, qədim tariximizin və milli dövlətçilik ənənələrimizin geniş təbliğinə təkan verib.

Azərbaycanın üçrəngli bayrağının tarixi barədə məlumat verən diplomat bayrağın ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edildiyini bildirib. Sovet dövründə bayrağımızın köklü dəyişikliklərə məruz qaldığı oxucuların diqqətinə çatdırılıb, bayraqda yer alan rənglərin mahiyyəti barədə məlumat verilib.

Qeyd olunub ki, üçrəngli bayraq ölkəmizin müstəqilliyinin bərpasından qısa müddət əvvəl – 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən qəbul edilib. Bu tarixdən əvvəl isə - 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımız muxtar respublikanın dövlət bayrağı kimi təsdiqlənib.

Yazıda “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə ölkəmizin Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun əsas atributlarını, o cümlədən dövlət bayrağını bərpa etdiyi, 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası dövlət bayrağının istifadəsi qaydaları haqqında” Qanunla bu sahədə qanunvericilik bazasının təkmilləşdirildiyi qeyd olunub.

Azərbaycanda dövlət bayrağına yüksək ehtiramın göstərildiyini vurğulayan D.Şikarov dövlətimizin başçısının 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə 9 noyabr gününün Dövlət Bayrağı Günü elan edildiyini diqqətə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin Sərəncamına əsasən inşa edilən Dövlət Bayrağı Meydanının 2010-cu il sentyabrın 1-də açılışının olduğu bildirilib. Qeyd edib ki, Azərbaycanın dövlət bayrağı meydanda 162 metr hündürlüyündəki bayraq dirəyində dalğalanır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da bu bayraq dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu açıqlayıb.

Məqalənin yekununda səfir qürur və iftixar mənbəyi olan dövlət bayrağının Azərbaycan xalqı üçün yüksək rəmzi məna daşıdığını bildirib. Vurğulanıb ki, xalqımız Dövlət Bayrağı Gününü ən əziz bayram kimi qeyd edərək, Vətəninin bayrağına və öndərinə, habelə şanlı keçmişinə, bu gününə və gözəl gələcəyinə sədaqətini və inamını bir daha nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.