SİYASƏT
Birləşmiş Ərəb Əmirliklərinin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdə yeni təyin olunmuş səfiri Məhəmməd Əhməd Hamil Əl-Qubeysi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysi etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.
E.Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyana salamlarının çatdırılmasını xahiş edib, ölkələrimiz arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayıb. Nazir BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatlar çərçivəsində BƏƏ-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar daim nümayiş etdirdiyi ədalətli mövqeyin və iki ölkə arasında çoxtərəfli formatlarda qarşılıqlı dəstəyin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O, iki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadiyyat, ticarət, turizm, sərmayələr və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirib. Nazir turizm sahəsində əməkdaşlığın təşviq edilməsi üçün qarşılıqlı şəkildə viza sisteminin sadələşdirilməsi istiqamətində iş aparıldığını qeyd edib.
Səfir xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyanın səmimi salamlarını və xoş arzularını Elmar Məmmədyarova çatdırıb. O, iki ölkə arasında siyasi dialoqun və mütəmadi əsasda aparılan siyasi məsləhətləşmələrin, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin təqdirəlayiq hal olduğunu deyib. Diplomat fəaliyyəti dövründə Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin, turist axınının artırılması və sərmayələrin təşviq edilməsi üçün səylərini əsirgəməyəciyini diqqətə çatdırıb.
Görüşdə yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.
Nazir Elmar Məmmədyarov səfir Məhəmməd Əhməd Hamil Əl-Qubeysiyə diplomatik fəaliyyətində uğurlar arzu edib.