İQTİSADİYYAT
Birləşmiş Vyana İnstitutunun təşkil etdiyi təlim kurslarında Azərbaycan da təmsil oluna bilər
Bakı, 15 avqust, AZƏRTAC
Birləşmiş Vyana İnstitutu (JVI) dekabrın 5-dən 16-dək "Siyasət qərarlarının hazırlanması üçün dinamik stoxastik ümumitarazlıq (DSGE) modellərindən istifadə (JV16.34 )" mövzusunda növbəti təlim kursu təşkil edir. Təlim kursunda Azərbaycan da təmsil oluna bilər.
AZƏRTAC İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutuna istinadla xəbər verir ki, maraqlananlar üçün son müraciət tarixi avqustun 19-dur. Beynəlxalq Maliyyə Fondunun (IMF) Potensialın Gücləndirilməsi İnstitutu (ICD) tərəfindən təşkil ediləcək 2 həftəlik təlim proqramı DSGE modellərinin tətbiqinə və şərhinə həsr olunacaq. İştirakçılar DSGE vasitəsilə maliyyə-kredit və vergi-büdcə məsələləri üzrə makroiqtisadi analizlərin aparılmasına cəlb edilmiş orta və yuxarı səviyyəli vəzifələrdə fəaliyyət göstərənlərdən ibarət olacaq. İştirakçılar iqtisadiyyat və yaxud müvafiq sahədə ali (elmi) dərəcəyə, texniki bacarıqlara, MATLAB və yaxud digər müvafiq proqram təminatları üzrə biliklərə malik olmalıdır.
Qeyd edək ki, JVI makroiqtisadi siyasətin formalaşması və idarə olunması, vergi siyasəti, gəlirlərin (dövlət gəlirlərinin) və xərclərin idarə olunması, vergi-büdcə institutluları və idarəetmə, hüquqi-normativ çərçivə, makroiqtisadi və maliyyə statistikası və bu kimi bir-sıra xüsusi məsələlər üzrə iki həftəyədək müddətdə təlim kursları, eləcə də seminar və simpoziumlar təşkil edir.